Qazaxıstan parlamentinin yeni spikeri seçildi

13:00 04-05-2020 358

Mayın 4-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə ölkə senatının deputatı təyin edilən Maulen Aşimbayev spiker vəzifəsinə seçilib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqalı xəbər verib.

Qeyd edək ki, bundan əvvəlki spiker ölkənin ilk prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva idi. Mayın 2-də K.J.Tokayev onun səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb. Həmçinin, bu gün Qazaxıstanın Mərkəzi Seçki Komissiyası D.Nazarbayevanın deputatlıq səlahiyyətlərinə son verib.

Ölkə konstitusiyasına görə, senatın spikeri vəzifəsi prezidentlikdən sonra ikinci ali məqamdır. Ölkə başçısı vəzifəsindən vaxtından əvvəl azad edildiyi və ya kənarlaşdırıldığı, həmçinin, vəfat etdiyi təqdirdə qalan müddət üçün prezident səlahiyyətlərini senatın sədri icra edir.