Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxs bəraət istəyir

09:40 05-05-2020 625

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sabiq sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov kassasiya şikayəti verib.

HerGun.Az xəbər verir ki, Ali Məhkəməyə müraciət edən Ş.Əkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Şikayət hakim Fərhad Kərimovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək, yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həmçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir. 

Cinayət işinin materiallarına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıblar.

Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əkbərov 18 il, Q.Cəbiyev 17 il, Z.Şirinov 16 il, A.Hüseynov isə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. 

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti qismən təmin edilib. Ş.Əkbərovun 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası 16 ilə, Zöhrab Şirinovun 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 14 il 6 aya endirilib.

Xatırladaq ki, ötən il yanvarın 15-də Prezident İlham Əliyevin sərəncam ilə A.Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad edilib.