Masallıda bacısının sevgilisini öldürən şəxs yenidən məhkəmə qarşısında

10:40 05-05-2020 536

Masallı rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən Arzuman Abdinov yenidən məhkəmə qarşısına çıxarılır.

HerGun.Az xəbər verir ki, o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayət hakim Şahin Yusifovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Arzuman Abdinov 2014-cü ilin iyul ayının əvvəllərində Rusiyadan Masallı rayonunun Ərkivan qəsəbəsinə qayıdıb. O, geri döndükdə qonşusu Pünhan Şiriyevin bacısı Nargilə ilə mütəmadi telefonla danışıb, münasibət saxladığını öyrənib.

31 iyul 2014-cü il tarixdə saat 20 radələrində Arzuman qardaşı Mülayimin ailə üzvləri və Nargilə ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasında yerləşən “Cənnət bağı” restoranına gəlib. Arzuman və qardaşı sərxoş olduqdan sonra Pünhan Şiriyev yeməkxanaya gəlib. Pünhan onlarla bir masaya oturduqda Arzuman çağırılmamış qonağın bacısı ilə görüşmək üçün gəldiyini düşünüb. Bu hərəkətdən qəzəblənərək Pünhanı öldürməyi qərara alıb.

Arzuman gecə saat 1 radələrində Ərkivan qəsəbəsinə - evə qayıtdıqdan sonra Pünhanın bacısı ilə münasibətləri barədə Mülayim Abdinova məlumat verib, onu öldürmək niyyətini bildirib. İki qardaş qətli razılaşdırıblar.

Abdinov qardaşları söhbət etmək bəhanəsi ilə Pünhanın idarə etdiyi “VAZ-2106” markalı avtomobilə əyləşiblər. Onlar Pünhandan Ərkivan qəsəbəsində yerləşən Su-Kanal İdarəsinin yanına sürməyi tələb ediblər. Yolda avtomaşında yaranmış mübahisə zamanı Mülayim bir neçə dəfə yumruqla Punhanın sifətindən vuraraq, onu avtomaşını idarə etməkdən kənarlaşdırıb.
Bundan sonra sükan arxasına keçən Arzuman maşını Su-Kanal İdarəsinin yanına sürüb. Orada Pünhanı avtomobildən düşürüblər. Qardaşlar Pünhanı qəddarcasına döyüblər, yumruq və təpiklə onun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə vurublar. Pünhanın huşsuz vəziyyətə düşdüyünü görüb, öldüyünü düşünüblər.

Daha sonra Abdinov qardaşları Pünhanı huşsuz vəziyyətdə avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşıblar. Pünhanı avtomobilin arxa oturacağında oradan keçənlər tapıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi xəstəxanaya aparıblar. Xəstəxanada tibbi yardım göstərilsə də, Pünhanın həyatını xilas etmək mümkün olmayıb. O, avqustun 10-da xəstəxanada vəfat edib.

Arzuman və Mülayim Abbdinov qardaşlarına Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin və zərərçəkmiş tərəfin şikayətini təmin etməyib.