BMT: Koronavirus qlobal narkotik dövriyyəsinə zərbə vurub

08:00 08-05-2020 338

Koronavirus epidemiyası ilə əlaqədar səyahət qadağası və karantinlər qiymətlərin artması və bazarda qanunsuz narkotik dövriyyəsinin azalması ilə nəticələnib.

“Cümhuriyyət”in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNOD) hesabatında məlumat verilib.

Bildirilir ki, qlobal narkotik ticarəti sahəsinə təsirlər regional şərtlərə və hava, quru, dəniz kimi nəqliyyat marşrutlarına görə fərqlidir.

Lakin narkotik maddələrin istehlak edildiyi ölkələrdə ümumi tendensiya nisbətən yavaşlayıb.
Bunun yanında narkotik asılılığından qurtulmaq üçün tibbi mərkəzlərə müraciət edənlərin sayı günü-gündən artır.

Hesabatda həmçinin bildirilir ki, nəzarətin gücləndirilməsi ilə əlaqədar, quru yolu ilə daşınan narkotik maddələrin dövriyyəsi pozulub.

Lakin Hind okeanında son reydlər Avropaya dəniz yolu ilə heroin göndərilməsinin artdığını göstərir.

Hava nəqliyyatı ilə səyahət qadağaları isə Cənubi Koreya, Yaponiya və Avstraliya kimi ölkələrdə metamfetamin də daxil olmaqla sintetik dərmanların qaçaqmalçılığını çətinləşdirib.

Əfqanıstan-Pakistan sərhədinin bağlı olması ölkədə tiryək ticarətinə zərər vurub.
Bununla belə hesabatda vurğulanıb ki, koronavirus epidemiyası ilə əlaqədar bir çox insanın iş yerlərini itirməsi, gələcəkdə qanunsuz narkotik istehsalına marağı artıra bilər.

Həmçinin, sərhədlərin bağlanması Kolumbiyanın şərqində qanunsuz kokain istehsal edən cinayətkar kartellərin işində çətinliklər yaradıb.