İsti hava koronavirusu dayandıracaqmı? - İki yeni araşdırmanın nəticələri

05:00 12-05-2020 322

ABŞ və Kanadada aparılan iki müxtəlif araşdırmanın nəticələrinə görə, havanın temperaturunun yüksəlməsi koronavirusun yayılmasını cilovlamayacaq.

“HaberGlobal” məlumat verir ki, ABŞ-ın MİT (Massachusetts Institute of Technology) və Kanadanın Toronto Universitetinin elmi işçiləri tərəfindən aparılan iki fərqli araşdırma isti havanın yeni növ koronavirusun yayılması və yoluxma qabiliyyətində bir dəyişiklik yaratmadığını ortaya qoyub.

Tədqiqatçılar 25 dərəcədən yuxarı havanın hərarətinin hər yarım dərəcə artımı üçün çirklənmə riskinin yalnız 1,5 faiz azaldığını açıqlayıblar.

Toronto Universitetinin tədqiqatçıları mart ayından ABŞ və Kanadada 375 600-dən çox COVID-19-a yoluxma hadisəsini araşdırıblar. Onlar temperatur, rütubət, məktəblərin bağlanması, kütləvi görüşlərin məhdudlaşdırılması və sosial məsafənin xəstəliyin yayılmasına təsirini müqayisə ediblər.

Kanada Tibb Birliyinin yayımladığı araşdırma nəicələrində havanın istiliyinin artması ilə koronavirusa yoluxma hallarının azalması arasında ciddi əlaqə tapılmayıb.

ABŞ tədqiqatçıları Kanada alimləri ilə oxşar nəticəyə gəliblər. Tədqiqatçılar dekabrdan aprelədək 3 700-dən çox yerdə virusun ötürülməsi və hava statistikası ilə bağlı məlumatları təhlil ediblər.

Tədqiqat 25 dərəcədən yuxarı hər 0,556°C artım üçün yayılmada təxminən 1,5 faiz azalma olduğunu göstərib.