Azərbaycanda kritik vəziyyətdə olan koronavirus xəstələrinə immun plazma köçürülməsinə başlanıldı

22:40 14-05-2020 302

“Azərbaycanda kritik vəziyyətdə olan doqquz nəfər koronavirus xəstəsinə immun plazma köçürülüb”.

HerGun.Az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov “Xəzər Xəbər”ə açıqlamasında deyib.

O bildirib ki, koronavirus xəstələrinin qan plazması ilə müalicəsi çərçivəsində altı donordan immun plazma alınıb: “Bu günə qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzində koronavirus infeskiyasından sağalan altı nəfər donordan immun plazma toplanıb. Bu plazmalar kritik-ağır vəziyyətdə olan doqquz nəfər koronavirus xəstəsinə köçürülüb. Onlar yaşlı, paralel xəstəlikləri olan və süni tənəffüs aparatına qoşulan xəstələrdir. Həmin insanlar ciddi həkim nəzarətində saxlanılır, ehtiyac olarsa, onlara yenidən immun plazma köçürülə bilər”.

V.Hüseynov donorların anonimliyinin qorunduğunu bildirib: “Koronavirus infeksiyasından sağalan şəxslərin qan plazmaları verməsinə ehtiyac var. Donorların anonimliyi mütləq şəkildə qorunur. Onların plazma nümunələri ağır vəziyyətdə olan COVİD-19 xəstələrinin sağalmasını sürətləndirə bilər. Müalicə metodu səmərəli olarsa, gələcəkdə koronavirusa yoluxan şəxslərin müalicəsinin ilkin mərhələsində də bu üsul tətbiq olunacaq”.

Xatırladaq ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər isə sağalıb. Hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Könül Cəfərli