Xəzinə axtaran dörd kişi mağarada öldü

13:40 16-05-2020 377

Yunanıstanda xəzinə axtaran dörd kişi qədim Loutraki şəhəri yaxınlığında yerləşən mağaraların birində həyatını itirib. Ölənlərin 34-50 yaş arasında olduqları bildirilir.

“RİA Novosti” xəbər verir ki, məlumatı yerli “Loutraki365” agentliyi yayıb.

“Ölümün dəqiq səbəbi hələlik məlum deyil. Ən çox ehtimal olunan ssenari xəzinə axtaran şəxslərin partlayıcı qurğudan istifadə edərkən faciəvi şəkildə həlak olmasıdır. Onlardan bəzilərinin əlində partlayıcı qurğunun məftilləri aşkar olunub”, -  agentliyin yaydığı xəbərdə qeyd edilib.

Loutraki şəhəri Yunanıstanın paytaxtı Afinadan 90 kilometr aralıda, Korinf körfəzinin sahilində yerləşir. Şəhər termal sularla zəngindir.