19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO

06:20 29-05-2020 382

Yeni Zellandiyada xilasedicilər 19 gün əvvəl Kahuranqi Milli Parkında itkin düşmüş iki turisti tapıblar.

Bu barədə “Mail Online” xəbər yayıb.

Məlumata görə, mayın 9-da yürüşə çıxan Dion Reynolds və Cessika Okonnor mayın 14-də qayıtmalı idilər. Onların geri dönmədiyini görən yaxınları bu barədə müvafiq qurumlara məlumat veriblər və axtarışlar başlanılıb.

Turistlərin axtarışına könüllülərdən əlavə helikopterlər və dronlar da cəlb olunur.

Xilas olan cütlüyün sözlərinə görə, onlar güclü duman səbəbindən azıblarmış.

“Mən Cessə dedim ki, artıq dayanmalıyıq, çünki öz izimlə rastlaşmışdım. Özümüzü çox itirmişdik”, - deyə Reynolds bildirib.

Az sonra onların yemək və suyu da bitib. Yeddinci gün cütlük şəlaləyə çatıb. Burada Reynolds yıxılıb və ayağı burxulub. Səhəri gün isə rəfiqəsi kürəyini əzib.

Cütlük çay kənarında düşərgə qurmaq qərarına gəlib. Bundan sonra Reynolds və Okonnor ocaq qalayıblar. Elə məhz bu addım onların tapılmasına yardımçı olub.