Könüllülərin növbəti əlaqələndirmə görüşü baş tutub - FOTO

18:40 03-06-2020 412

3 iyun 2020-ci il tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) keçən dövr ərzində görülmüş işlər və fəaliyyət planına dair təsisçi təşkilatların və AKƏM Katibliyinin iştirakı ilə onlayn formatda növbəti görüşü baş tutub.

Görüş zamanı may ayı ərzində koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində AKƏM çətiri altında həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib. Qeyd olunmalıdır ki, paytaxt və regionlarda aprel ayında başladılmış “Böyüklərimizi qoruyaq” aksiyası may ayında da Azərbaycan könüllüləri tərəfindən davam etdirilib, tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkilib və onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərilib. Könüllülər həmçinin 9 may - Faşizm üzərində Qələbə günü münasibətilə müharibə veteranlarımızı və Müqəddəs Ramazan bayramı münasibətilə aztəminatlı ailə və tənha yaşayan ahıl insanları ziyarət ediblər.

Eyni zamanda, vətəndaşlarımızın sağlamlığı naminə ölkə üzrə həyata keçirilən və minlərlə könüllünün səfərbər olduğu “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində həyata keçirilən müxtəlif istiqamətli aksiyalar ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kampaniya çərçivəsində könüllülər vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunmasını təmin edib, koronavirus (COVID-19) pandemiyası dövründəki davranış qaydaları barədə ictimai maarifləndirmə işləri aparıb, eyni zamanda müxtəlif məkanlarda - restoran, kafe, parklarda koronavirusdan qorunmaq məqsədilə hazırlanan, üzərində təbliğat və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıblar.

AKƏM-in növbəti fəaliyyətinə dair fikir mübadiləsi aparılaraq, irəli sürülən təkliflər müzakirə olunub. Xüsusilə, karantin rejiminin yumşalması, ticarət mərkəzlərinin və ictimai iaşə obyektlərinin yenidən açılması fonunda vətəndaşların tibbi maskalardan istifadə etməsinin və sosial məsafə qaydalarına əməl olunmasının təşviq edilməsinin prioritetliyi vurğulanıb. Fəaliyyətin daha da çevik və səmərəli təşkili, Mərkəzin işində iştirak edən təşkilat və hərəkatların fəaliyyətinin əlaqələndirilməsi və genişləndirilməsi də müzakirə olunub.

Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı,“Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi,“Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.

Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.