Spiker əhaliyə müraciət etdi: “Bir ana olaraq...”

18:40 04-06-2020 456

Milli Məclisin sədri Sahibə Qafarova Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu nəzərdə tutulan qadağalarla bağlı qərarına münasibət bildirib.

HerGun.Az-ın xəbərinə görə, S.Qafarova qeyd edib ki, qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə almaq lazımdır.

Spiker əhaliyə müraciət də edib.  

“Hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin sədri olaraq xahiş edirəm: Millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə yetirin. Qoyulmuş tələblərə və verilmiş tövsiyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın.

Unutmayaq ki, görülən bütün bu tədbirlərin ali məqsədi sizin - əziz həmvətənlərimizin sağlamlığının və həyatının qorunmasıdır”, - deyə spiker müraciətində qeyd edib.

Baş nazir Əli Əsədovun qərarına əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq. Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna təşkil edir.

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Aqşin Kərimov