“Qızıl yel” xəstəliyinə tutulan Əməkdar artist: “Sandım ki, iflic oldum” - ÖZƏL

13:40 05-06-2020 569

“Sol ayağımda ciddi problemlər yaranıb. Ayağımı yerə basa bilmirəm. Altıncı gündür ki, yerdə yatıram. Uşaqlar qucağında məni aparıb-gətirir”.

Bu sözləri Əməkdar artist Aybəniz Haşımova HerGun.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Sənətçi “Qızıl yel” xəstəliyinə tutulduğunu açıqlayıb:

“Heç bilmirəm bu hadisə necə başıma gəldi. Həyatım boyunca bu xəstəlik barədə heç bir şey eşitməmişdim. Keçən həftənin altıncı günü gecədən səhərə kimi yerimdə ağrıdan çapaladım.  Səhərə qədər can verdim. Çox pis ağrılar içində qovruldum. Anlaya bilmədim ki, nə baş verir? Elə zənn etdim ki, iflic oldum. Özümdə, sözümdə deyildim. Səhərə kimi birtəhər dözdüm. 

Birinci ayağım tutuldu. Sonra hərarətim 41 dərəcəyə qədər yüksəldi, bərk üşütdüm. Sutka yarım qızdırmadan yanırdım. Qızartılıq dizimə qədər gəldi. Sanki ayağım yanıb. Həkimlər dedilər ki, bu, “Qızıl yel” xəstəliyidir. 

Həkimlər analizlər götürdülər. Müalicələrimi ev şəraitində davam etdirirəm. Ayağım artıq sağalır. Lakin həkimlər söyləyirlər ki, bu proses uzun çəkəcək. 14 gün yataqda uzanmalı və ayağımı yerə basmalı deyiləm”.

Əməkdar artist qızı Aynişan və kürəkəni Kənanın müğənninin vəziyyətindən qoxduqlarını və stress keçirdiklərini bildirib:

“Qızım bu vəziyyətdə məni görsəydi, dəli olardı. Gecə olduğundan ona zəng vurub, qorxutmaq və narahat etmək istəmədim. Tərslikdən yanımda çalışan köməkçinin işi olduğundan getdi. Ona dedim ki, uzaqda qalırsan, qayıtma. O gecə tək qaldım və başıma bu hadisələr gəldi. Səhər gəlib vəziyyətimi görəndə qadın az qala dəli oldu. Aynişan, kürəkənim Kənan da mənə görə həyəcan və stress keçiriblər”.

A.Haşımova səhhəti yaxşılaşdıqdan sonra yenidən sosial media hesabında konsertlər verəcəyini söyləyib:

“Uşaqlara dedim ki, sosial şəbəkədə dilimdən yazıb paylaşsınlar ki, sağlamlığımla bağlı canlı efir aça bilməyəcəyəm. Camaat elə bilməsin ki, bu bizi atdı getdi. Heç kimin xəbəri yox idi ki, Aybəniz can verir. Ayağımda problemlər olsa da, səsim yerimdədir. Əslində, yenə də sosial şəbəkədə canlı efir açıb, konsert verə bilərəm. Sadəcə, istəmirəm ki, tamaşaçılarım məni belə vəziyyətdə görsünlər. Sağalıb yaxın günlərdə tamaşaçılarımın qarşısına gözəl mahnılarla çıxacağam”.

Rəşad Əliyev