Deputat Krılovdan, xalq məsəlindən sitat gətirərək AŞPA-nı “topa tutdu”

15:00 07-06-2020 521

Milli Məclisin deputatı Rüfət Quliyev Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında Avropa Şurası Parlament Assambleyasını (AŞPA) tənqid etməsinə münasibət bildirib.

R.Quliyev HerGun.Az-a açıqlamasında deyib ki, yalnız AŞPA Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən qondarma “prezident və parlament seçkilərinə” münasibətini açıqlamayıb.

Onun sözlərinə görə, AŞPA bu oyuncaq və saxta seçkilər barədə susqunluq nümayiş etdirib.

“Mən deyərdim ki, islamofobiya və Azərbaycanafobiya bu təşkilatın elə bil, qanındadır. Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına daxil olsalar da, bu təşkilat həmişə ermənipərəst mövqe nümayiş etdirib. Azərbaycanda xırda bir hadisə baş verən kimi Avropa Şurası vay-şivən qoparır ki, ay, qoymayın, Azərbaycanda demokratiya əldən getdi”, - deyə R.Quliyev əlavə edib.

Millət vəkili hesab edir ki, böyük dövlətlərdə, hətta cırtdan Ermənistanda belə demokratiyanın təməl  prinsipləri pozulduqda da bu təşkilat və təsisatlarda qəbir sükutu hökm sürür.

Onun fikrincə, AŞPA artıq bütün dünyada nüfuzunu itirmək üzrədir və istəyir ki, Azərbaycana qarşı ikili mövqe tutmaqla reputasiyasını birtəhər bərpa etsin.

“Hazırda bu təşkilat Azərbaycan üçün heç önəmli də deyil. Paradoksa baxın - bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir vaxtda Dağlıq Qarabağda “seçkilər” keçirilir! Əgər buna seçki demək olarsa. Bəyəm, bu oyunbazlıq və Dağlıq Qarabağ əhalisinə sayğısızlıq deyilmi və onun sağlamlığını təhlükə qarşısında qoymurdumu? Əgər belə bir üzdəniraq hadisə Azərbaycanda baş versə idi, Qərb dövlətləri və AŞPA aləmi ayağa qaldırardılar.

Gülməli olsa da, BBC bu seçkiləri “Pandemiya şəraitində cəsarət nümunəsi” kimi qələmə verməyə çalışdı.

Ancaq Krılovun məşhur təmsilində deyildiyi kimi: “Siz necə otursanız da, musiqiçiliyə yaramırsınız”.

Axı, bu şou-seçkiləri dünya heç tanımadı da! Bundan böyük də seçki nüfuzsuzluğu olarmı?”, - deyə R.Quliyev tənqid edib.

Deputat qeyd edib ki, istər Ermənistanın, istər Qərb dövlətləri, istərsə də Avropa Şurasının iyrənc fəaliyyətləri Azərbaycanı yolundan döndərə bilməz:

“Necə deyərlər, dəyirman öz bildiyini edər, çax-çax isə baş ağrıdar.  Belə çax-çaxları Azərbaycan heç vecinə də almır və ölkə öz ahəngi ilə fəaliyyətdədir. Azərbaycan indi dünya üçün bir dövlət nümunəsidir”.

Aqşin Kərimov