Azərbaycanda keçmiş nazirin “Azəriqaz”a 217 min manat borcu var - RƏSMİ AÇIQLAMA

18:00 23-06-2020 508

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məxsus, Ağsuda yerləşən istixananın “Azəriqaz”a 200 min manatdan çox borcunun olması barədə məlumatlar yayılıb.

Bildirilir ki, bir neçə ildir ki, “Ağsu-Aqrotexservis” ASC, daha sonra isə adı “Formes.group.az” MMC kimi dəyişdirilən istixananın “Azəriqaz” İstehsalat Birliyinə böyük məbləğdə borcu var.

“Azəriqaz” İB-dən HerGun.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh “Ağsu-Aqrotexservis” ASC-dən (istixana) təbii qazdan istifadəyə görə yaranmış 137 min 200 manat 80 qəpik borc “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir:

“Daha sonra 2019-cu ilin noyabr ayında “Ağsu-Aqrotexservis” ASC ilə “Azəriqaz” İB arasında qətnamə üzrə borcun hissə-hissə icra edilməsi məqsədilə tərəflər arasında müvafiq razılaşma imzalanıb.

Razılaşmaya əsasən, “Ağsu-Aqrotexservis” ASC ilkin olaraq qətnamə üzrə borcdan 20 000 manat ödəməyi, 25.01.2020-ci ildən başlayaraq 25.12.2020-ci ilədək isə hər ay istehlak edilmiş qazın dəyərini ödəməklə yanaşı, 9 min 766 manat 74 qəpik borcun ödənilməsini öhdəsinə götürüb.

İstixananın qaz təchizatı razılaşmanın şərtlərinə uyğun olaraq 2019-cu ilin noyabr ayında bərpa edilib. Lakin “Ağsu-Aqrotexservis” ASC tərəfindən razılaşmaya əməl edilməyib”.

ASC-dən bildirilib ki, müəssisə adını deyişdikdən sonra borc ödənilməyib:

“Ağsu-Aqrotexservis” ASC-yə məxsus istixana 2019-cu ilin noyabr ayında icarə müqaviləsinə əsasən, “Formes.group.az” MMC-yə verilib. İcarə müqaviləsində “Formes.group.az” MMC tərəfindən müqavilə imzalanan günədək qaza görə yaranmış borcların ödənilməsinə dair öhdəlik götürülüb.

Eyni zamanda, 26.11.2019-cu ildə “Formes.group.az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanıb. Hazırkı vaxtda həmin müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində “Formes.group.az” MMC-nin Birliyə 217 min 240 manat 81 qəpik borcu yaranıb.

Dəfələrlə Birliyin Ağsu Regional qaz istismarı İdarəsi tərəfindən borcun ödənilməsi məqsədilə “Formes.group.az” MMC-yə müraciətlər cavabsız qalıb. Buna görə də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

İlhamə Əbülfət