Qarabağ müharibəsi əlilinə ev verilməməsi iddiasına nazirlikdən münasibət

23:20 06-07-2020 393

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi II qrup Qarabağ müharibəsi əlili Rəhman Həsən oğlu Əzizzadənin mənzillə təmin edilməməsi ilə bağlı məsələyə münasibət bildirib.

HerGun.Az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bununla bağlı “Facebook”da paylaşım edib.

O qeyd edib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı yerli icra hakimiyyəti orqanlarının məktubları əsasında növbəlillik qaydasında həyata keçirilir:

“Qaradağ rayon İH-dən Nazirliyə təqdim edilmiş mənzil növbəliliyi siyahısına əsasən, R.Əzizzadə 3 may 2016-cı il tarixdən mənzil növbəsinə dayanıb.

Hazırda qanunvericiliyə uyğun olaraq, Nazirlik 2014-cü il yanvarın 1-dək olan dövrdə mənzil növbəsinə dayanmış şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və ya fərdi evlə təmin edilməsi işlərini aparır. Bu səbəbdən Rəhman Əzizzadənin mənzillə təminatı Nazirliyin səlahiyyəti xaricindədir.

Dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir. Buna misal olaraq, ötən il 934 mənzil verilibsə, cari ildə bu göstəricinin azı 1500 mənzil və fərdi ev olması nəzərdə tutulub”.