Azərbaycanlı gənclərin Rusiyadakı qəhrəmanlığı: Yanan binaya girib yatan şəxsi xilas etdilər - FOTO

00:40 10-07-2020 423

Rusiya Federasiyasının Yamalo-Nenets muxtar dairəsinin Novıy Urenqoy şəhərində fərdi yaşayış evində baş verən yanğın zamanı üç soydaşımız qəhrəmanlıq göstəriblər.

“Severpress.ru” xəbər verir ki, təsadüfən yanğın baş verən ərazidən keçən Bəxtiyar Nəbiyev, Anar Nəbizadə və Fəxrəddin Hacıyev hadisəyə biganə qala bilməyiblər.

Gənclər ərazidə köməyə ehtiyacı olan kiminsə ola biləcəyini düşünərək cəld özlərini yanan binaya atıblar. Birinci mərtəbədə güclü tüstüləmə olsa da, onlar özlərini ikinci mərtəbəyə (çardağa) çatdıra biliblər.

Burada onlar bir kişinin yatdığını müəyyən ediblər. Yanğınsöndürənlər hadisəyə yerinə gələnə qədər gənclər kişini xilas etməyi bacarıblar.

Regional FHN-in mətbuat xidməti azərbaycanlı gənclərin cəsarətini xüsusi vurğulayaraq, onların sayəsində insan itkisi olmadığını bildirib.