Qubada koronavirus xəstəsi karantini pozaraq qonşusu ilə dalaşdı

12:00 13-07-2020 391

Quba rayonunun Qam-qam kənd sakini Mətləb Neymətullayev COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət rayon ərazisində yerləşən xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, M.Neymətullayev evə buraxılan zaman ona karantin rejiminin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və qonşusu olan bir şəxslə mübahisə edərək dalaşıb. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və kənd sakinlərinin sağlamlığı üçün ciddi təhlükə yaradan M.Neymətullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

M.Neymətullayevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar davam etdirilir.