XİN-dən Fransanın Overn-Ron-Alp regionunun prezidentinin erməni təxribatı ilə bağlı bəyanatına SƏRT REAKSİYA

16:40 17-07-2020 388

“Fansanın Overn-Ron-Alp (Auvergne Rhône Alpes) regionunun prezidenti Loran Vokenin (Laurent Wauquiez) Ermənistan - Azərbaycan münaqişəsinin mahiyyətini təhrif edən, o cümlədən, iki ölkə sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən bu ilin 12 iyul tarixindən etibarən törədilən hərbi təxribatla bağlı tamamilə həqiqətə uyğun olmayan və qərəzli bəyanatla çıxış etməsini qətiyyətlə pisləyirik.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qatı ermənipərəst mövqeyi ilə tanınan L.Vokenin rəhbərlik etdiyi və erməni icmasının çoxluq təşkil etdiyi Overn-Ron-Alp regionunun ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimlə 10 əməkdaşlıq xartiyasını imzalaması region prezidentinin mövqeyinin qərəzli xarakter daşıdığını aşkar şəkildə göstərir:

“Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasətinə haqq qazandıran bu bəyanat, Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin ruhuna uyğun gəlmir, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mövqeyinə ciddi zərbə vurur.

Fransanın ikinci böyük regionunun prezidentinin bu kimi birtərəfli və reallıqdan uzaq mövqeyi Azərbaycan ictimaiyyətinin Minsk Qrupunun həmsədri qismində Fransanın qərəzsiz mövqeyinə inamını sarsıdır.

Bəyanat Fransanın beynəlxalq, Avropa, ikitərəfli və milli səviyyədəki öhdəliklərinə ziddir.

Azərbaycan tərəfi Fransadan Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atacağını, eləcə də, Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görəcəyini gözləyir”.