“Talıstan Forest park”da yeni konsert zalı açılıb

14:31 20-07-2019 1092

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın maraqları üzərində qurulan və inamla həyata keçirilən çoxistiqamətli siyasətinin nəticəsidir ki, Respublikamızda ilin hər bir günü bayram səviyyəsində yaşanır, yeni-yeni istehsal sahələri yaranır, insanların sosial həyatı zənginləşir və daha təminatlı olur.

19 iyul 2019-cu il tarixdə Xalq şairi Səməd Vurğunun vəsf etdiyi Talıstan kəndi ərazisindəki “Talıstan Forest park” turizm-istirahət mərkəzində yeni konsert zalının açılışı da bayram səviyyəli tədbirlərdən biri olub.

Tanınmış ziyalı, Talıstanın yetirməsi, onun inkişafında xidmətləri olan Məhəmmədəli Süleymanov qonaqları salamlayıb və onlara “Xoş gəlmisiniz” deyib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov özəl fəaliyyətin bu səviyyədə təşkilini, mədəniyyətə belə diqqətli yanaşmanı təqdir edib, cənab Prezident İlham Əliyevin sərəncamları əsasında, diqqəti və qayğısı sayəsində İsmayıllıda həyata keçirilən iri tutumlu, həyati əhəmiyyətli layihələrdən, yol infrastrukturunun, turizmin inkişafına xidmət edən bazanın yaxşılaşmasından, müasirləşməsindən danışıb.

Ziyalıların, iş adamlarının, veteranların, mədəniyyət işçilərinin, icra strukturlarında çalışanların toplaşdığı yenilik tədbirində professor Qafar Cəbiyev, Əməkdar müəllim Şəfaqət Rəsulov, Millət vəkili Tahir Kərimli, Xalq şairi Musa Yaqub, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, bədii yaradıcılığın bir neçə sahəsinə aid istedadı ilə tanınan Simran Həsənov və başqaları çıxış edib, obyekt sahibinə uğurlar arzulayıblar.

Bədii qiraətçilər Pünhan İsmayıllı və Ramiz Zülfüqarov məclisə, müasir Azərbaycan həyatına uyğun şeirlər söyləyiblər.

Əməkdar artist Təyyar Bayramovun, yeddinci muğam müsabiqəsinin qalibi İlahə Rüstəmovanın, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrafilovun, balaban ustası, Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərovun, gənc müğənni Teymur Əzizlinin, “Tərəqqi” medallı Sahibə Abdullayevanın, bir neçə gənc müğənninin, rəqs qrupunun iştirakı ilə böyük konsert olub.

Tərkibində yeni konsert zalı açılan “Talıstan Forest park” regionda turizmin bundan sonrakı inkişafında daha əhəmiyyətli rol oynayacaqdır.

acilisacilis1-1acilis2acilis1acilis5acilis4acilis6acilis9