Keçmiş arvadı məşhur musiqiçini məhkəməyə verdi: Üç milyon funt sterlinq tələb edir

04:40 26-07-2020 392

Ser Elton Conun keçmiş arvadı onu məhkəməyə verib və 3 milyon funt sterlinq (təxminən 6,5 milyon manat) ödəməsini tələb edib.

“RİA Novosti” xəbər verir ki, iddiaya səbəb müğənninin memuarlarının dərc edilməsi və “Roketmen” filminin ekranlara çıxması olub.

Qadın bildirir ki, Elton Con 1988-ci ildə, nikah bağlandıqdan dörd il sonra imzalanmış müqavilənin şərtini pozub. Həmin şərtə görə, tərəflərdən heç biri gələcəkdə nikahın özünü və mümkün boşanma səbəbini müzakirə obyektinə çevirə bilməz.

Xanım Blauel iddia edir ki, boşanmadan sonra şəxsi həyatını ictimaiyyətdən gizli saxlayıb, hətta adını və zahiri görünüşünü dəyişib, lakin keçmiş əri onun bu zəhmətini yerə vurub.

Müğənninin vəkilləri iddianı rədd edirlər, belə ki, filmdə və kitabda əks olunanlar hər kəsin əldə edə biləcəyi açıq məlumatlardır, müqavilənin şərtləri isə yalnız şəxsi mövzulara şamil olunur.