Bakıda qədim musiqi alətləri nümayiş olunacaq

10:45 22-07-2019 1340

Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq.

Mərkəzdən HerGun.Az-a verilən məlumata görə, ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq.

Sərgidə təqdim edilən eksponatlar Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid olub, musiqi alətləri arasında həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirəcək.

Ekspozisiya birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılıb.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar da quraşdırılacaq.

Hazırda sərgi üzərində son tamamlama işləri gedir və yeni mövsümdən izləyicilərin ixtiyarına veriləcək.