Polisdən Mingəçevirdə narkotik əməliyyatı - FOTO

13:00 15-08-2020 425

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Rayiv Nəzərov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən və həyətyanı sahədən xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 26 kiloqrama yaxın olan səkkiz ədəd çətənə kolu, eləcə də, iki ədəd sintetik kisədə və plastik qabda dörd kiloqramdan artıq narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

R.Nəzərov narkotik vasitəni may ayında əkib-becərdiyini, onun yarpaqlarını yığaraq qurutduğunu bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.