Mingəçevirdəki dekorativ bitki hər kəsdə maraq doğurur - VİDEO

09:40 21-09-2020 415

Parkda əkilən dekorativ bitki maraqlı meyvəsi ilə Mingəçevir sakinlərini xeyli təəccübləndirib. 

Baku Tv xəbər verir ki, ağacın gətirdiyi bar, COVID-19-un molekuluna bənzəyir. Qırmızı sulu meyvəsi olan dekorativ bitki, təxminən beş il öncə Mingəçevirin 20 yanvar küçəsində “Güllü bağ” deyilən ərazidəki parkda əkilib. 

Yerli sakinlər bildirirlər ki, həmin ağac bu il ilk dəfə olaraq koronavirusun molekul fotosuna bənzər meyvə verib. Bəzi mingəçevirlilər onu görüb təəccüblənsə də, maraq göstərib fotosunu çəkənlər də az olmayıb. Parka gələnlər bitkinin araşdırılmasında maraqlıdırlar.

Mingəçevir şəhər Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin baş mütəxəssisi Bayram Tağıyev də, son günlər bu bitkinin şəhərdə həm yerli sakinlər, həm də digər bölgələrdən gələnlər üçün maraqlı olduğunu bildirib. O, həmçinin beşillik ağacın ilk dəfə meyvə verdiyini və pandemiya dövründə insanların diqqətini çəkdiyini vurğulayıb.

“Nur şəhəri”nin sakinlərinin marağına səbəb olan əslində isə heç də koronavirus qədər təhlükəli olmayan bitkinin vətəni virusun ilk yayıldığı ölkə olan Çin və Yaponiya hesab edilir. 

Bioloq Rafiq Qasımov Kağız ağacının əslində yararlı bitki olduğunu, onun meyvəsindən və liflərindən kağız və rəng alındığını bildirib.

Qeyd edək ki, hündürlüyü 12 metrə çatan, sıx çətirli ağac və ya kol bitkisi may ayında çiçəkləyib sentyabrda meyvə verir.