Açdığı atəşlə İkinci Dünya müharibəsinə səbəb olmuş polşalı əsgər Bakıda necə peyda oldu? - FOTO

21:20 23-09-2020 628

- 1 sentyabr 1939-cu il, gecə saatları. Polşalı əsgər Frantişek Dolas yatıb qaldığı üçün düşməli olduğu stansiyanı ötürür. Oyananda isə sərhədi keçərək Almaniya tərəfindəki stansiyada olduğun görür.

- Faşist generalın diversant olduğunu düşünən F.Dolas ona atəş açır və onun açdığı atəş İkinci Dünya Müharibəsinin başlanğıcına, daha doğrusu 1 sentyabr 1939-cu ildə Almanların Polşaya hücuma keçməsinə səbəb olan artilleriya hazırlıqları məqamına təsadüf edir.

- F. Dolas bu qarışıqlığa görə özünü günahkar hesab edir.

- Bu hadisədən sonra o, almanların əsir düşərgəsində, Avstriyada, Yuqoslaviyada, Afrikadakı Fransız Xarici Legionunda çətin sınaqlardan keçmək məcburiyyətində qalır.

- Müharibənin sonlarında o yenidən Polşada, partizan dəstəsində peyda olur, ordudakı yoldaşı ilə görüşür, partizan dəstəsində olan bir qıza aşiq olur və özü də bunu arzu etmədən, təsadüf nəticəsində qəhramanlıq göstərir.

“Trend” agentliyində dərc olunan yazıda qeyd olunur ki, bu, məşhur rejissor Tadeuş Xmelevskinin Kazimij Slavinskinin “Topçu Dolasın sərgüzəştləri” povesti əsasında çəkdiyi filminin süjet xəttidir.

Film ekranlara 1970-ci ildə çıxıb və Polşa kinematoqrafiyası tarixində ən populyarlar ekran əsərlərindən birinə çevrilib.  

Filmdə Polşa kinosunun Marian Kotsinyak, Virqiliuş Qrın, Stanislav Milski kimi məşhur simaları rol alıb.

Ekran əsəri - “Qaçış”, “Ordunun dalınca” və “Dostlar arasında” adlandırılan üç seriyadan ibarətdir.

Filmin ikinci seriyasının (“Ordunun dalınca”) bir hissəsi Bakıda, şəhərin qədim hissəsi - İçərişəhərdə çəkilib.

Kadrlarda XVI əsrə aid Hacı Bani məscidini, XV əsrə aid Cümə məscidinin minarəsini, Hacı Qayıb hamamını və digər tarixi məkanları görmək mümkündür.

Çəkiliş qrupunun üzvləri Bakı şəhərində olmaqdan, yerli sakinlərlə ünsiyyətdən böyük zövq aldıqlarını xatırlayırlar.

Filmin rejissoru T. Xmelevski bildirib ki, çəkilişlər müxtəlif şəhərlərdə baş tutub, lakin Bakını, onun mehriban və səmimi sakinlərini xüsusilə xatırlayır.

“Bakılılar çəkilişləri böyük maraqla izləməklə yanaşı, daim bizləri müxtəlif yeməklərə, meyvələrə, mürəbbəli çaya qonaq edirdilər, çəkiliş heyətini öz evlərində görmək istəyirdilər. Hətta bizə Bakıda bəzi binaların Polşa memarları tərəfindən inşa edildiyini söyləmişdilər. Bu barədə eşitmək, filmin yaradıcı kollektivinə belə diqqət yetirilməsini görmək xoş idi”, - deyə rejissor xatırlayır.

Film 2001-ci ildə bərpa edilib və rənglənib.