Bakıdakı Avropa çempionatları keçiriləcəkmi?

01:00 29-09-2020 443

Avropa Gimnastika Federasiyası dekabrda Bakıda baş tutmalı olan idman gimnastikası üzrə kişi və qadınlar arasında qitə çempionatları ilə bağlı qərarını gələn ay verəcək.

Qurumun saytı bu il baş tutmalı olan yarışlarla bağlı bu gün qərarlar verib.

Qərarlardan birincisində Beynəlxalq Gimnastika Federasiyasından Beynəlxalq Olimpiya Komitəsini builki Avropa çempionatlarının hansısa Olimpiya təsnifat turniri kimi keçirilməməsi barədə məlumatlandırmağı xahiş edib. Buna səbəb pandemiya ilə bağlı mövcud vəziyyət və milli federasiyalara yarışlara gəlmələri üçün təzyiq etmək istəməmələri göstərilib.

Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatının (26-29 noyabr) keçirilməsinə, lakin Olimpiadaya lisenziya verməməsinə qərar verilib.

Bakıda baş tutmalı olan idman gimnastikası üzrə kişi və qadınların Avropa çempionatı ilə bağlı isə təşkilati məsələlər açıq qaldığı üçün bu barədə qərarın oktyabrın 5-də verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, idman gimnastikası üzrə kişilərin Avropa çempionatı 9-13 dekabrda, qadınların qitə birinciliyi isə 17-20 dekabrda keçirilməlidir.

Səbuhi Musayev