Deputat: “Nəsimi rayonunda yeni tikili binalarda az qala əlini uzatsan o biri eyvana çatır”

15:00 30-09-2020 463

Gecə saatlarında bəzi tikinti şirkətləri yeni binalarda iş aparır və bu da insanları narahat edir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Bakının Nəsimi rayonunda yeni tikilən binalar bir-birinə çox yaxındır:

“Az qala əlini uzatsan, o biri eyvana çatır. Bu, tənzimlənməlidir. Bununla bağlı mən Nəsimi rayon İcra hakimiyyətinə, Şəhərsalma və Tikinti İdarəsinə də müraciətlər etmişəm”.

M.İbrahimqızı cəbhə bölgəsində yaşayan insanlarla bağlı da təklif səsləndirib:

“Bu gün cəbhə bölgələrində yaşayan insanlar günümüzün qəhrəmanlarıdırlar. Onlarla bağlı təklif edirəm ki, qanunvericilikdə xüsusi imtiyazlar olsun. Bu gün onlar atılan güllənin qarşısındadırlar”.