Polad Bülbüloğlu: “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bütün körpüləri yandırmış olacaq”

15:20 30-09-2020 382

Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısa, bu, bütün körpülərin yandırılması deməkdir”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu barədə RBK-ya müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, buna reaksiya ən mənfi şəkildə olar.

Diplomat bildirib ki, danışıqlar prosesini məhv etməyə çalışan Ermənistanın baş naziri Nikol Paşinyan buna qədər də Qarabağla bağlı sərt açıqlamaları ilə körpüləri yandırıb:

“Bu faciənin günahkarı Paşinyandır. Mənim fikrimcə, kiçik bir torpaq üzərində Rusiyanı Türkiyəyə qarşı qoymaq cəhdi edilir. Paşinyanın komandası Qərbə istiqamətlənib və müəyyən əmri yerinə yetirir”.

Azərbaycan səfiri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəsinin bu münaqişədə Azərbaycana kömək etməyə hazır olması ilə bağlı açıqlamasını şərh edərkən bunları deyib:

“Türkiyə rəhbərliyində Rusiyanın nə olduğunu və KTMT-nin nə olduğunu başa düşən kifayət qədər praqmatik insanlar var. KTMT niyə münaqişəyə müdaxilə etmir? Çünki döyüşlər Azərbaycan ərazisində gedir. Əgər KTMT müdaxilə edərsə, müttəfiqimiz Türkiyə də müdaxilə edə bilər”, - deyə səfir bildirib.

Bakının hədəfləri barədə danışan P.Bülbüloğlu, Azərbaycanın erməniləri Qarabağdan qovmaq hədəfi olmadığını dedi.

“Hamının bir yerdə yaşaması üçün azərbaycanlıları oraya qaytarmaq hədəfi var”, - deyə o, bildirib.

Diplomatın sözlərinə görə, erməni bölmələrinin Azərbaycan ərazisindən çıxarılması, sərhədlərin açılması, ticarətin bərpası və bütün bunlardan sonra Dağlıq Qarabağın statusunun müzakirəsi münaqişənin həlli ola bilər.

Bülbüloğlu Türkiyə hərbçilərinin münaqişədə iştirakı ilə bağlı İrəvanın açıqlamalarını da təkzib edib.

“Təlimlərdə iştirak edən F-16-lar artıq gediblər, heç bir muzdlu yoxdur. Suriyadan da silahlılar yoxdur, axı onlar dərhal bilinərdigörünərdilər”, - deyə o, sözlərini yekunlaşdırıb.