Qurban Qurbanov Varşavadan danışdı: “Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır”

01:00 01-10-2020 416

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa təmsilçisi “Leqiya” ilə oyun barədə danışarkən Qarabağ məsələsinə də toxunub.

Təcrübəli mütəxəssis bu gün Polşanın paytaxtı Varşavada baş tutan mətbuat konfransında qarşılaşma öncəsi fikirlərini bölüşüb:

“Yeni baş məşqçi gəldikdən sonra “Leqiya”nın oyununda dəyişikliklər var. Rəqibimiz standart vəziyyətlərdən və uzun ötürmələrdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. “Leqiya”nın meydanda hansı sistemdə çıxış edəcəyini təxmin etməyə çalışırıq. Ən yaxşı oyunumuzu göstərmək üçün əlimizdən gələni edəcəyik.

Fikrimiz eyni zamanda öz ölkəmizdə qalıb. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır”.

Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək “Leqiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.