Elnur Allahverdiyev: “Yerevanda Rusiya bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub?”

10:40 20-10-2020 36

“Ermənistanın bir dövlət kimi mövcudluğu, ermənilərin isə xalq olaraq Cənubi Qafqazda yaşamaları ilk növbədə Rusiyanın xidmətidir. Bunu Rusiyada yaxşı bilirlər və yeri gələndə deyirlər. Rusiya cəmiyyətində bu reallığı dərk etsələr də, təəssüf ki, biz bu ölkənin siyasi isteblişmentində və media strukturlarında yenə də Ermənistanın birtərəfli müdafiə olunduğunu görürük. Prezident İlham Əliyev sentyabrın 27-dən bu yana Rusiya KİV-nə verdiyi müsahibələrdə bu məqama bir neçə dəfə toxunub”.

Bu sözləri HerGun.Az-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. 

Deputatın sözlərinə görə, mövcud reallıq paradoksal xarakter daşıyır: “Son iki il ərzində Ermənistanda hökm sürən qatı rusofob ab-havasının şahidi olmuşuq. Özü də tək biz yox, Rusiyada Cənubi Qafqazla bu və ya digər formada əlaqəli olan istənilən şəxs. Yerevanda Rusiya səfirliyinin yumurta atəşinə tutulduğunu, bayrağının yandırılıb ayaqlar altına salındığını kim unudub? Ermənistanda olan rus hərbi bazasının dərhal ölkədən çıxarılması tələbləri irəli sürülüb. Mən inanmıram ki, Rusiyada bu gün erməniləri müdafiə edən istər siyasətçilər, istərsə də media qurumlarının rəhbərləri Yerevan küçələrində prezident Putinin ünvanına təhqiredici ifadələr işlətməklə keçirilən  kütləvi aksiyalardan xəbərsiz olsunlar”. 

E.Allahverdiyev hesab edir ki, Nikol Paşinyan böyük ölçüdə hakimiyyətə məhz anti-Rusiya şüarları ilə ruslara nifrət edən elektoratın çiyinlərində gəlib. “Hər kəsə məlumdur ki, Ermənistanın iqtisadi çətinlikləri heç vaxt həll olunmayacaq, bu problemin çözümü hakimiyyətdə kimin olmasından asılı deyil. Paşinyanı gətirənlər Qərbdəki məlum dairələrdir. Erməni xalqı həmişəki kimi naxələflik edib Qərbdəki yaxşı yaşayış dalınca qaçmaq üçün Paşinyana dəstək verdi” – deyə deputat vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, unutmamaq lazımdır ki, Ermənistanda ruslara qarşı fobiya tək Paşinyan hakimiyyətinin məhsulu deyil: “2016-cı ilin aprel döyüşlərindən sonra Yerevanda Rusiyaya qarşı açıq tənqidlər başladı. Ermənipərəst rus siyasətçilər internetdən kifayət qədər videomateriallarla tanış ola bilərlər. Üstəlik, hələ Serj Sarkisyan hakimiyyəti son illərdə Qərbə, Avropaya doğru dreyf etməyə başlamışdı. Xatırlayırsınızsa, Ermənistanın Avropa Birliyi ilə dərin inteqrasiyasını nəzərdə tutan sənəd məhz Sarkisyan dövründə ərsəyə gəlmişdi və Yerevan az qala bu sənədi imzalayacaqdı. İmzalanma ərəfəsində Sarkisyanı Moskvaya çağırıb elə dərs verdilər ki, niyyətindən biabırcasına əl çəkməli oldu”.

E.Allahverdiyev hesab edir ki, Rusiyada Ermənistanı müdafiədə canfəşanlıq edən şəxslərin bəzilərinin ermənilərlə özəl bağlantılarının olduğu sirr deyil. Digər qism isə hələ də köhnəlmiş geosiyası çıxarlara əsasən bu mövqedədirlər: “Əslində, həyat bir yerdə durmadığı kimi, siyasət də dəyişir. Ermənistanın Rusiya üçün 30 il bundan əvvəlki əhəmiyyəti bu gün aktual deyil. Rusiyanın Cənubi Qafqazda ona münasibətdə adekvat mövqedə duran yeganə ölkə - Azərbaycanla münasibətlərini pisləşdirməsi də real deyil. Özü də postsovet məkanındakı mövcud olan reallıq fonunda. Buraya ermənilərin üzü dönüklüyünü əlavə edək” – deyən deputatın fikrincə, regionumuzda Gürcüstanın Rusiya ilə məlum səbəblərə görə münasibətlərinin nə vaxt normallaşacağını proqnozlaşdırmaq müşkül məsələdir. Ermənistan Moskvaya aşkar və kobud xəyanət etdi və İkinci Qarabağ Savaşı başlamasa idi, bu xətti davam etdirəcəkdi. Yeganə adekvat və proqnozlaşdırılan münasibətlər Azərbaycanladır. 

“Bu gün Azərbaycanı Rusiya ilə onlarla böyük iqtisadi layihələr bağlayır. Azərbaycan Rusiya üçün Türkiyəyə çıxışdır. Azərbaycan Fars körfəzinə gedən logistik marşrutdır. Azərbaycan ciddi iqtisadi tərəfdaşdır. Azərbaycan, ümumiyyətlə, sözübütöv ciddi dövlətdir. Ermənistan kimi tarixi vəfasızlıq edən xəyanətkar dövlət deyil. Rəsmi statistikaya görə, Paşinyan bu günlərdə Rusiya prezidenti ilə 5 dəfə telefonla danışıb. Nə qədər zənglərə Rusiya tərəfinin cavab vermədiyi isə məlum deyil. Belə qeyri-ciddi lideri olan dövlətə etibar etmək mümkündürmü? Bunu erməniləri dəstəkləyənlərin bilmələri çox vacibdir” – deyə deputat vurğulayıb.