Elşad Mirbəşiroğlu: “Xudafərin körpüsünün azad olunmas iqtisadi cəhətdən inkişafa zəmin yaradır”

11:40 20-10-2020 400

“Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi hər bir qarış Azərbaycan torpağı bizim üçün dəyərlidir. Bizim qələbələrimiz isə Ermənistanda hakimiyyətə qarşı narazılıq, ermənilər arasında isə isterika yaradır”.

Bu sözləri HerGun.Az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu işğaldan azad edilən Xudafərin körpüsünün strateji əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, Xudafərin körpüsünün işğaldan azad etməsi tarixi anlardan biridir:

“Torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə etdiyimiz uğurlar Ermənistanda ordunun idarə olunması sistemində ciddi zəiflik yaradır. Bu baxımdan bizim daha da inamla addım atmağımız üçün kifayət qədər real zəmin var. Konkret olaraq tarixi Xudafərin körpüsünün azad olunması məncə Azərbaycan tarixində çox xüsusi bir hadisədir, bu, həm cəmiyyətimizdə yüksək, pozitiv, emosional hisslər yaratdı, həm də tariximizi bizə geri qaytardı. Bu qələbə tariximizin qayıdışı, əsarətdən qurtulması deməkdir.

Məsələnin digər tərəfi isə Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində yerləşməsini, Cəbrayıl rayonun isə yüksəkliklərdən ibarət bölgə olduğu üçün bu bizim üçün ciddi üstünlükdür. Bu həm də rəşadətli Azərbaycan ordusunun hücum qabiliyyətinin yüksəkliyinin göstəricisidir. Biz bundan sonrakı düşmən istehkamlarını da yarıb keçərək, torpaqlarımızı işğaldan azad edəcəyik”.

E.Mirbəşiroğlu strateji Xudafərin körpüsündən müxtəlif kommunikasiya sistemlərinin keçdiyini də vurğulayıb:

“Həmin kommunikasiyanın da Azərbaycanın nəzarətinə keçməsi düşmənin müxtəlif təyinatlı manevr imkanlarının məhdudlaşdırılması baxımından, həm də öz mövqelərimizin daha da gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Azərbaycan ordusu irəli gedir. Bizim əldə etdiyimiz hər bir ərazi perspektivlərimizi daha da artırır. Cəbrayıl rayonunun, Xudafərin körpüsünün işğaldan azad olunması gələcəkdə həmin ərazidə uyğun infrastruktur quruculuğunun həyata keçirilməsi ilə iqtisadi sistemin əlavə, təsirli inkişaf elementlərinin yaradılmasına şərait yaradacaq. Buraya həm kəndə təsərrüfatı baxımından, həm də turizmin regionda inkişafı baxımından imknalar yaranacaq. Ümumilikdə işğalda olan bütün ərazilərimizin işğaldan azad olunması iqtisadi cəhətdən bu qədər dayanıqlı olan Azərbaycanın kifayət qədər dinamik inkişafına zəmin yaradır”.