Birinci vitse-prezidentin köməkçisi: “Mədəni irsə əhəmiyyət verilmir”

18:20 21-10-2020 25

“Görəsən, Şuşada erməni vandalları tərəfindən Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər? Terorçu Paşinyan, onunla sarayını bəzədin?”

Bunu Ermənistanın işğal olunmuş ərazilərdəki mədəni abidələrə qarşı vandal münasibətinə etiraz edən Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov “Twitter” sosial şəbəkəsində bildirib.

E.Hüseynov beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd münasibətinə də etiraz edib: “Mədəni irsə əhəmiyyət verilmir. Görün, Şuşadakı unikal məqbərəyə nə oldu?! Təsəvvür edin ki, bu “Big Ben” və Eyfel qülləsi üçün baş verir. Hələ laqeyd qalacaqsınız? Coğrafiya bu qədərmi məna daşıyır?”

Birinci vitse-prezidentin köməkçisi tezliklə məqbərənin yenidən təmir ediləcəyini qeyd edib: “Şuşa yenidən geri qayıdacaq. Gözləmək uzun çəkməyəcək. Ermənistan tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Təbii, tezliklə!”