Yalan vədlərə bir daha aldanmamalıyıq

19:20 21-10-2020 559

Biz “şirin” vədlərə, verilən ümidlərə hələ də inanmalıyıqmı? İnam üçün əsas çoxdur, yoxsa inamsızlıq üçün? Bu cür suallara obyektiv, alışdırıldığımız ifadə ilə desək, tərəfsiz cavab tapmaq üçün, hər birimizə yaxşı məlum olan son 30 illik tariximizə bir daha ekskurs etmək məcburiyyətindəyik.

27 il əvvəl BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etdi: 822,853,874 və 884 nömrəli qətnamələr. Bu qətnamələr imperativ xarakterlidir, yəni icrası məcburidir. Azərbaycan ərazilərinin işğal olunduğu həmin qətnamələrdə təsbit edilir və işğalçı Ermənistandan tələb olunurdu ki, bu əraziləri dərhal, tam və qeyd-şərtsiz, yəni heç bir şərt irəli sürmədən tərk etsin. Ermənistan qətnamələrə nəinki əməl etmədi, onlara heç məhəl qoymadı. Elə buna görədir ki, Paşinyan BBC-yə bugünlərdə verdiyi müsahibəsində qətnamələri yersiz və əsassız, mənasız bir sənəd adlandırdı. BMT kimi dünya nizamını tənzimləyən mötəbər bir təşkilat isə Ermənistan kimi kiçik bir dövləti öz qətnamələrini yerinə yetirməyə məcbur edə bilmədi. Diplomatik qaydada izahı onunla əsaslandırıldı ki, BMT-nin hətta imperativ xarakterli qətnamələrinin icrasını təmin etmək üçün hüquqi mexanizmi və müvafiq qurumu yoxdur...

28 il əvvəl Azərbaycana təklif olundu ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda iştirak etsin. Bizə ümid verib inandırdılar ki, guya torpaqlarımız sülh yolu ilə azad ediləcək. Ermənistan BMT qətnamələrinə məhəl qoymadığı kimi, danışıqlarda da imitasiya yolunu seçdi, bu illər ərzində yalnız status-kvo vəziyyətinin saxlanılmasına çalışdı. İşğalçı  bununla həm də ona nail oldu ki, vasitəçilərin sülhməramlı səylərinə kölgə sala və  onların görüntü xarakteri daşıması təəssüratını yarada bildi.  ABŞ, Rusiya və Fransa kimi nüfuzlu dövlətlər isə, həmsədr qismində nədənsə işğalçını haqqa-hüquqa dəvət edə bilmədilər.

Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində vasitəçilərin səylərinə bir daha diplomatik tərzdə qiymət verdi: "Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupunun həmsədrləri heç bir nəticəyə nail olmasalar da,-buna görə də haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar,-lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlik rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini məhz həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb”.

Bununla yanaşı, 28 ilin real nəticəsi budur ki, həmsədrlər ədaləti bərpa edə bilməyiblər. Ərazilərimiz danışıq yolu ilə işğaldan azad olunmayıb, milyona yaxın həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa “məhkum” edilib. Başqa sözlə, BMT-nin öz qətnamələrinin icrasını təmin etməyə hüquqi mexanizmi olmadığı kimi, vasitəçilərin işğalçıya yeganə təsir “silahı” diplomatik ritorikadan və bəyanatlardan ibarət oldu. Təəssüf ki, bu, yetərli deyildi. Həmsədrlərin daha sərt təsir imkanları, işğalçıya qarşı ”diplomatik qamçıları” olub ya yox, yaxud varmı sualı indi də açıq olaraq qalır.

2008-ci ildə BMT Baş Assambleyası tərəfindən ”Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət”lə bağlı 62/243 nömrəli qətnamə qəbul olundu. Bu sənəddə “Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək” təkrarən təsdiq edildi, ”bütün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” bir daha tələb olundu. Ən başlıcası,  “heç bir dövlətin Azərbaycan Respublikası ərazilərinin işğalı nəticəsində yaranan hüquqi vəziyyəti tanımamalı və bu vəziyyətin qorunmasına yardımçı və ya kömək etməməli olduğu” qətnamədə bəyan edildi. Beləliklə, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı bu qətnamədə də təsdiqini tapıbBelə olan halda, Paşinyan qondarma “Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması” kimi beynəlxalq hüquqa zidd olan şərti irəli sürəndə, görəsən, vasitəçilərdən kimsə ona deyibmi ki, qanunu pozursan, həddini aşırsan? Tutalım, ABŞ-ın hansısa ştatlarından biri, Fransanın hansısa bölgəsi, yaxud Rusiyanın hansısa vilayəti, respublikası dilinə gətirsə ki, müstəqillik tələb edir və ayrılır, bu cür qanunsuz məsələni qaldırmağa cürət edəni həmin dövlətlər ən sərt hüquqi məsuliyyətə cəlb etməzdilərmi? Paşinyan son müsahibələrindən ikisində yenə də eyni şərti irəli sürür.Yəqin etmək olar ki, danışıqlar masasında da bu sərsəm fikri dilinə gətirib. Görəsən, boş xülya ilə yaşadığını  vasitəçilərdən kimsə ona izah edibmi? Axı ola bilməz ki, bu cür sərsəm, qanunazidd olan şərti dilinə gətirən birisinin psixoloji durumu şübhə yaratmasın?! Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” kimi avantürist bəyanatını verəndə, bununla vasitəçilərin səylərini faktiki heçə endirəndə onlardan kimsə həmin bəyanatı eşitməmişdimi?

Cəmiyyətimizdə bu sual ona görə yaranıb ki, adekvat və sərt reaksiyanı görmədik. Niyə Paşinyana izah edilmədi ki, bu cür sərsəm fikirlərin səsləndirilməsi faktiki olaraq danışıqları pozmaq deməkdir? Əgər izah edilibsə, Paşinyan bugünlərdə Rusiyanın “RİA Novosti” və TASS informasiya agentliklərinə müsahibələrində eyni şərti yenidən səsləndirirsə, deməli o, ya təsirli izahla üzləşməyib, ya da hüquqi reallıqları adekvat qəbul edə bilmək qabiliyyətində deyil...

Beynəlxalq hüquq onu diqtə edir ki, Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Paşinyan kimi siyasi avantüraların müəllifləri, onlara açıq-gizli şəkildə dəstək verənlər, züy tutanlar beynəlxalq hüququn bu tələbindən bixəbərdirlərsə, yəqin ki gündəlik həyatda hər birimizin rastlaşa biləcəyi məişət konfliktindən xəbərsiz olmazlar: sən mənim evimdə, mənim torpağımda yalnız mənim şərtlərim, mənim tələblərim və qanunlarım altında yaşaya bilərsən. Yaşamaq istəmirsənsə, yaxud bunu bacarmırsansa, seçim sənindir. Əgər mənim evimi, torpağımı satın almaq istəyirsənsə və sənə deyilirsə ki, satılmır, get istəyinə uyğun olan, satılan başqa evi, başqa ərazini seç. Əgər sən mənim evimi, torpağımı zəbt etmək yolunu seçirsənsə, məhkəmə səni ordan məcburi qaydada çıxaracaq. Silahlı zəbt, işğal yolunu seçirsənsə, ev-torpaq sahibi eyni üsulla belini sındırmaqda haqlı olacaq. Çünki nə məhkəmənin, yəni vasitəçilərin, nə torpaq sahibinin, yəni Azərbaycanın sülh dilini başa düşmədin, 30 illik səbrini yanlış anladın. Elə buna gərə də Paşinyan bu gün indiki durumdadır, zəbt etdiyini sahibinə qaytarmağa istəsə də, istəməsə də məhkumdur. Ordumuzun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları bir daha təsdiq etd ki, Paşinyan kimi məsuliyyətsiz rəhbərlər və siyasi avantüristlər üçün qanunun, beynəlxalq hüququn, insani davranışın heç bir anlamı yoxdur. Döyüş bölgəsinə  aidiyyəti olmayan Gəncənin və digər rayonlarımızın mülki sakinlərini Ermənistan ərazisindən raket zərbəsinə məruz qoyan,onlarla günahsız insanın ölümünə və yaralanmasına bais olan, müharibə cinayətini törədən Paşinyana təəssüf ki,görmək istədiyimiz sərt beynəlxalq təzyiqi görə bilmədik. Əksinə, "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi tərəfsiz vasitəçilyə zidd olan bəyanatlar eşitdik və əməllərə şahid olduq.

Prezident İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində açıq şəkildə bildirdi ki, bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir"Cənab Prezident diplomatik davranış tərzinə sadiq qalıb əlavə etdi ki, Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədrliyi və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi...

Dövlətimizin başçısı müsahibədə onu da xüsusi qeyd etdi ki, bu qanunsuz əməliyyatlar “keş üsulu ilə nağd pulla ödənilir”. Təəssüf ki, burda Ermənistanın keçmiş prezidenti S.Sarqsyanın  etirafını da xatırlamaya bilmirik: onun səkkiz illik rəhbərliyi dövründə  Ermənistana Rusiyadan 50 min tondan çox hərbi yük,sursat havayı daxil olub. Belə məlumatlar da var ki, digər vasitəçi ölkələrin ərazisindən mülki aviasiya ilə Ermənistana silah-sursat indi də daxil olmaqdadır. Bütün bunlardan sonra Paşinyankimilər niyə boş xülya ilə yaşamasın ki? Görəndə ki danışıqlar masası arxasında və ictimaiyyət qarşısında bir cür bəyanat verilir, bağlı qapılar arxasında isə ümüdverici fikir söylənilir, hansısa dövlətlər açıq-gizli şəkildə erməni xülyasına dəstək ifadə edir, imitasiya oyunu uğurla davam edir, kim olsa çaşar və yolunu azar, üstəlik qanunu da tapdalayar. Paşinyan tipli avantürist siyasətçilər üçün isə bu cür mənzərənin kiçik işartısı da kifayətdir...

Oktyabrın 20-də Ali Baş Komandanımız xalqımıza yeni qələbə müjdəsini verəndə həm də düşmənin məhv edilən,qənimət kimi müsadirə olunan hərbi texnikasının sayı haqda məlumatı açıqladı. Sadalamaqla bitmir. Təkcə dörd ədəd “S-300” zenit-raket kompleksi məhv edilib. Ordumuzun məhv etdiyi hərbi texnikanın dəyəri milyardlarla dollarla ölçülür. Bir tərəfdən daxilən rahatlıq tapırsan ki, düşmənin bu qədər hərbi texnikası məhv edilib, onlardan bir daha mülki əhalimizə, Azərbaycan əsgərinə atəş açılmayacaq. O biri tərəfdən, cənab Prezidentin tam haqlı olaraq verdiyi sual cəmiyyətimizi düşündürməyə və narahat etməyə bilməz: "Haradandır onlarda bu qədər tank? Bir də ki bu, bütün bu məsələləri tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?”

Bilmirəm, cənab Prezidentin haqlı sualına, daha doğrusu haqlı etirazına monitorinqi aparmalı olanlar hansı inandırıcı arqumentlə cavab verə biləcəklər? Axı belə bir məsuliyyətli missiyanı həyata keçirməli olanların bu miqyasda hərbi texnika arsenalını görməməsi, yumşaq desək, inandırıcı deyil. Öz adı ilə desək isə bu, tərəfsiz monitorinq vasitəçiliyi öhdəliyinə inamsızlıq üçün əsas verilməsi deməkdir. Həm də o deməkdir ki, BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsinə onlar da əməl etməyiblər. Uzun illər ərzində Suriya və Livandan, digər ölkələrdən etnik ermənilərin Qarabağa köçürülməsi, Azərbaycan ərazisində qanunsuz məskunlaşdırılması, etnik tərkibin dəyişdirilməsi və ilhaq siyasəti məhz Ermənistan tərəfindən aparılıb. 1949-cu il Cenevrə Konvensiyasının, digər beynəlxalq normativ-hüquqi aktların tələbi işğalçı tərəfindən pozulub. Bu cür qeyri-qanuni əməllər məhz Ermənistan tərəfindən 30 il boyunca davam etdirilib. Doğurdanmı monitorinq keçirilməsi vəzifəsi missiyalarına aid olan qurumlar bu qanunsuzluğu görməyiblər? İşğal altında olan Dağlıq Qarabağdan, o cümlədən ətraf yeddi rayondan Ermənistana çəkilən yolları, kommunikasiya xəttlərini, bu ərazilərə yatırılan xarici investisiyaların həcmini, tikilən otelləri müşahidə etməyiblərmi? Ətraf yeddi rayonun və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində işğalçı tərəfindən 4-5 eşalonda qurulan istehkamları da görməyiblər? Bu yatırımları edən, bu cür istehkamları quran işğalçı Ermənistan sülh və danışıq yolu, öz xoşu ilə torpaq qaytarana bənzəyirmi? Buna inanan elə Paşinyanın tayıdır.

Həmin Paşinyan artıq Rusiya kimi böyük dövləti də siyasi şantaj etməklə məşğuldur. Azərbaycan Ordusunun peşəkarlığı və Azərbaycan əsgərinin döyüş iradəsi altında əzilən Paşinyan iddia edir ki, guya Azərbaycan tərəfində Türkiyə hərbçiləri iştirak edir. Anlamır ki, belə bir şey olsaydı, bu toqquşma 24 gün uzanmazdı.

Humanitar atəşkəsə çağırış edənlərin öz ölkələri bu sayda haqsızlıqla üzləşsəydilər, nə edərdilərsə, biz də onu etməliyik. Necə ki Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz bu gün bunu edir. Gəlin, nə özümüz sadəlövhlük edək, nə də vasitəçilərin sadəlövh olduqlarına inanmaq üçün Paşinyan kimi siyasi avantüristlərə imkan verəkBunun isə yalnız bir yolu var. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan əsgəri bu gün “düşməni cəzalandırır, düşmənin belini qırır”. Ordumuz İnşəallah Azərbaycan bayrağını Şuşaya da, Xanın kəndinə də sancmalıdır! Tarixən torpaqlarımızda çağırılmamış qonaq olan, əlləri həmvətənlərimizin qanına batmayan Dağlıq Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşları, istəsələr, bundan sonra da Qarabağda rahat yaşaya bilərlər. Necə ki, bu günün özündə belə, minlərlə etnik erməni Bakıda və digər şəhərlərimizdə layiqli həyat sürür. Azərbaycan xalqının qəlbi çox genişdir. Amma onlar bir daha çaşmamalı, Paşinyan kimi avantüristlərin boş xülyalarına uymamalıdırlar. Özümüz isə heç kimin şirin dilinə, boş vədlərinə aldanmamalıyıq.

Allah tarixi ədaləti bərpa edən və beynəlxalq hüquqa söykənən haqq savaşımızda Prezidentimizə, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycana xidmət edənləri və onu sevənləri qorusun!

 

Milli Məclisin deputatı

Ülvi Quliyev