Qurban Qurbanov: “Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

23:40 21-10-2020 380

“Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Təl-Əviv “Makkabi”si ilə keçiriləcək oyun barədə danışarkən deyib.

Sabah İsraildə baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşən Qurbanov rəqibin son oyunlarını izlədiyini söyləyib: “Makkabi”nin həm “Dinamo” (Brest, Belarus), həm də “Zalsburq”la (Avstriya) matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Təcrübəli mütəxəssis Dağlıq Qarabağda gedən döyüşlərə görə hazırda bütün fikirlərinin Azərbaycan Ordusunun yanında olduğunu gizlətməyib: “Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə, fikrimizin əsgərlərimizin yanında olması normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir”.

Qurbanov səfərdən uğurlu nəticə ilə dönməyə çalışacaqlarını əlavə edib: “Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Təl-Əvivdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.