Göygöldə evə basqın edən iki maskalı şəxs saxlanıldı - FOTO

11:00 22-10-2020 29

Göygöl rayon sakininə məxsus evə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən, ev sakinlərinə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 26-sı səhər saatlarında rayonun Qızılqaya qəsəbə sakini Fikrət Əliyev Göygöl Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək yaşadığı evə qanunsuz daxil olan iki nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək pul və qızıl-zinət əşyaları tələb etdiklərini, özünə və həyat yoldaşı İradə Əliyevaya bıçaqla çoxsaylı bədən xəsarətləri yetirdikdən sonra 600 manat nağd pul, bir ədəd mobil telefon və digər əşyaları götürüb qaçıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən şəxslərin əvvəllər dəfələrlə məhkum olunmuş Həmid Abdullayev və Azər Səmədov olduqları müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər törətdikləri əməli etiraf edərək əvvəlcədən planlaşdırdıqlarını bildirərək hadisənin törədilməsində istifadə olunan bir ədəd tapançaya bənzər alışqanı istintaqa təqdim ediblər. Faktla bağlı araşdırmalar davam etdirilir.