Pərviz Abubəkirov: “İnsanların əksəriyyəti maskanı cərimədən yayınmaq üçün taxır”

12:20 22-10-2020 339

“Maskanı çənəyə, yox, təyinatı üzrə yuxarı tənəffüs yollarını örtəcək şəkildə taxmaq lazımdır ki, virusdan qorunaq”.

Bunu AzTV-nin efirində yayımlanan “Gün Başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

O bildirib ki, yoluxma sayının artımına səbəb insanlar arasında yaranan rahatlıq olub:

“Tibbi maskalardan istifadəyə laqeyd yanaşıldı. Eyni zamanda da ictimai nəqliyyatdan istifadə edən sərnişinlər arasında da qoruyucu vasitələrdən istifadə etməyənlər olur. Bu istiqamətdə müəyyən cərimələrin tətbiq edilməsinə şikayət edənlər belə var. İnsanlar başa düşməlidirlər ki, bu ilk növbədə onların sağlamlığı, ikinci tərəfdən isə ətrafdakı insanların sağlamlığı üçün vacibdir”.

P.Abubəkirov onu da qeyd edib ki, bəzən marketdə “maska” taxan vətəndaşları görürük:

“Maskanı sırf cərimədən yayınmaq üçün taxanlarla yanaşı, təbii ki, sağlamlığını düşünərək virusa yoluxmamaq üçün istifadə edənlər də var. Lakin, əksər hallarda maskaları, çənəsinə, yuxarı tənəffüs yollarını tutmayacaq şəkildə taxanlar, ümumi desək qoruyucu maskanı təyinatı üzrə taxmayanlar daha çoxdur. Maskanı çənəyə, yox, təyinatı üzrə yuxarı tənəffüs yollarını örtəcək şəkildə taxmaq lazımdır ki, virusdan qorunaq. Bütün hallarda hansı məqsədlə olur-olsun, əsas odur ki, biz məqsədimizə çatırıq və insanlar maskalardan istifadə edirlər. Açıq havada, ara məsafəni qorumaq imkanı olan yerlərdə maska taxılmasa da olar. Lakin havasının dəyişilməsi mümkün olmayan qapalı məkanlarda insanlar tibbi maskadan istifadə etməlidirlər”.