Müharibə Ermənistan iqtisadiyyatına 3,5 milyard dollar ziyan vurub

12:00 29-10-2020 393

Ermənistana olan “yardım”lar işğalın maliyyələşdirilməsinə xidmət edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov deyib.

Onun sözlərinə görə, bir aylıq müharibə nəticəsində Ermənistan iqtisadiyyatına ən azı 3,5 milyard ABŞ dolları dəyərində ziyan vurulub. Alternativ xərcləri və itirilmiş imkanları nəzərə aldıqda isə bu zərərin məbləği bir neçə dəfə artıq olur.

Erməni diasporu dünyanın müxtəlif ölkələrində apardığı kampaniyalarla Ermənistana maliyyə nəfəsliyini təmin etmək istiqamətində addımlar atır. Belə ki, “Hayastan Ümumerməni Fondu”na dünyanın müxtəlif ölkələrində aparılmış kampaniyalar çərçivəsində 150 milyon ABŞ dollarından çox ianə toplanıb. Lakin, bunlar Ermənistanı gözləyən potensial iqtisadi tükənmədən və sosial-psixoloji partlayışlardan qoruya bilməyəcək qədər azdır.

O bildirib ki, Ermənistana “humanitar yardım” adı altında silah qaçaqmalçılığı həyata keçirilir. Müxtəlif cinayətkar qruplarla əlaqəyə girərək Ermənistana silah daşınmasına çalışan ölkənin bu baxımdan da imkanları yüksək deyil. Artıq Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Ermənistana bu ölkənin qeydiyyatında olan təyyarələrdən silah qaçaqmalçılığında istifadə olunması barədə məlumatlandırılıb. Ermənistana silah və hərbi texnika daşınması bir sıra hallarda “humanitar yardım” adı altında həyata keçirilir.

“Ermənistana verilən maliyyə vəsaitləri terrorizmin maliyyələşdirilməsinə xidmət edir. Ermənistanı borc vəsaitləri və infrastruktur investisiyaları ilə maliyyələşdirən bir sıra beynəlxalq təşkilatlar əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Artıq beynəlxalq ictimaiyyətə bəllidir ki, Dağlıq Qarabağda mövcud olan separatçı rejimin narkotik plantasiyaları və onun trafik üçün nəqliyyat dəhlizləri mövcuddur.

Azərbaycan ordusunun apardığı anti-terror əməliyyatları çərçivəsində də işğal olunmuş ərazilərdə erməni terrorçu qüvvələrinin narkotik vasitələrin yüksək istifadəsi və təchizatını təşkil etdiyi aşkara çıxarıldı. Bu ərazilərdə ASALA, PKK kimi ABŞ və Avropa Birliyi səviyyəsində terrorçu kimi tanınmış təşkilatların akkumulyasiyası da bu trafiki təşkil etməkdən ibarət olub. Çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığının Ermənistanda dövlət siyasəti kimi həyata keçirilməsi ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan hesabatlarda da əks olunub” - deyə departament rəhbəri vurğulayıb.

A. Müseyibov qeyd edib ki, oktyabr ayında Gəncə şəhərinə heç bir hərbi hədəfin olmadığı halda ard-arda edilən terror hücumları ilə Ermənistan dövləti özünün terrorçu mahiyyətini beynəlxalq ictimaiyyətə xatırlatmış oldu:

“Təsadüfi deyil ki, Ermənistan Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin adına xüsusi terrorizm ifadəsi (“erməni terrorizmi”) formalaşdırdığı çox nadir Avropa ölkələrindən biri, Cənubi Qafqazın isə yeganə ölkəsidir. Buna görə də erməni lobbilərinin dünyanın müxtəlif ölkələrində Ermənistana “humanitar yardım” adı altında təşkil etdikləri dəstək kampaniyalarının bu cür kriminal niyyətlərin realizasiyasına sərf olunması unudulmamalıdır”.