MDB Məşvərət Şurasının iclasında Ermənistanın Azərbaycana terror hücumlarına dair məlumatlar verildi - FOTO

14:40 29-10-2020 34

MDB dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının bu gün videokonfrans formatında keçirilən XXXIII iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin mülki əhalisinə qarşı raket və ağır artilleriya hücumları barədə məlumat verib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan və başqa ölkələrin nazir və nazir müavinlərindən, əmək, məşğulluq, sosial müdafiə üzrə qurumlarının əməkdaşlarından, MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Beynəlxalq Əmək Təşkilatı, MDB Ümumhəmkarlar İttifaqları Konfederasiyası, MDB Dövlətlərarası Statistika Komitəsi və s. təşkilatların məsul şəxslərindən ibarət 60-a yaxın nümayəndə iştirak edib.

MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbay Smaqulovun giriş nitqindən sonra çıxış edən S.Babayev diqqətə çatdırıb ki, 30 ilə yaxındır BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan təcavüzkar Ermənistan sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribat törədib. Azərbaycanın hərbi birləşmələrinin mövqeləri, hətta cəbhədən uzaq, heç bir hərbi obyektin yerləşmədiyi yaşayış məntəqələri Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə, raket hücumlarına məruz qalıb. 

Nazir bildirib ki, bütün beynəlxalq humanitar normaları tapdalayaraq Ermənistan silahlı qüvvələri mülki insanları hədəfə alıb. Təkcə 4, 11 və 17 oktyabr tarixlərində ermənilərin Gəncə şəhərinə raket hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yaralanıb. Həmçinin, cəbhədən uzaq Azərbaycan rayonlarına Ermənistan tərəfindən ağır artilleriya atəşləri, raket hücumları davam edir. Son iki gündə də Ermənistanın cəbhədən uzaq Bərdə rayonuna bir-birinin ardınca raket hücumları, beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atması nəticəsində həmin rayonda içərisində azyaşlı uşaqlar, qadınlar da olmaqla 25 dinc sakin həlak olub, 80-dən çox şəxs yaralanıb. 

Qeyd olunub ki, ümumən sentyabrın 27-dən Ermənistanın mülki əhalini, yaşayış məntəqələrimizi atəşə tutması, müharibə cinayətləri nəticəsində Azərbaycan tərəfindən  90 mülki şəxs həlak olub, 400-ə yaxın şəxs yaralanıb, ölkəmizin mülki infrastrukturuna ciddi ziyan dəyib.

S.Babayev bildirib ki, Azərbaycan ordusu təcavüzü dayandırmaq, mülki əhalini qorumaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur olub. Bu hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həyata keçirilir. Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunsa da, hər dəfə humanitar atəşkəsdən az sonra Ermənistan tərəfindən xaincəsinə, kobud şəkildə pozulub və Azərbaycanın yaşayış məntəqələrinə artilleriya zərbələri endirilməklə irimiqyaslı terrorlar törədilib. 

Son bir ayda üç dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanın 
hər dəfə atəşkəsdən az sonra Azərbaycanın yaşayış məntəqələrinə xaincəsinə artilleriya zərbələri endirməklə mülki əhaliyə qarşı irimiqyaslı terrorlar törətdiyi, beynəlxalq humanitar hüquqları kobudcasına pozduğu diqqətə çatdırılıb. Bu terror hücumları nəticəsində həlak olanlar və yaralananlar, ölkəmizin mülki infrastrukturuna dəyən ciddi ziyanlar barədə ətraflı məlumat verilib. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını ölkəmizin beynəlxalq səviyyədə tanınmış öz ərazilərində apardığı qeyd edilib. Döyüş meydanında aciz duruma düşən Ermənistanın Azərbaycanın mülki insanlarına qarşı aramsız terror hücumları etməklə müharibə cinayətləri törətdiyi, lakin Ermənistandan fərqli olaraq Azərbaycanın heç zaman mülki əhalini hədəfə almadığı vurğulanıb. Eyni zamanda, Ermənistanın xarici ölkələrdəki müxtəlif terror qruplaşmalarından 2 min terrorçunu Qarabağ bölgəsinə gətirərək, Azərbaycana qarşı müharibəyə cəlb etdiyinin də artıq məlum fakt olduğu diqqətə çatdırılıb.

Şuranın yeni sədri, Belarus Əmək və Sosial Müdafiə naziri İrina Kosteviç açılış nitqi edib. İclasın gündəliyi MDB üzv dövlətlərinin əmək və sosial sahədə əməkdaşlığının nəticələri və perspektivləri, yeni koronavirus infeksiyasının (COVID-19) yayılması nəzərə alınmaqla bu dövlətlərdə əmək və sosial sahədə mövcud vəziyyət və görülən tədbirlər, pandemiyanın nəticələrinin aradan qaldırılması və postpandemiya dövründə iş yerlərinin bərpası ilə bağlı nəzərdə tutulan tədbirlər, işaxtaran və işsiz vətəndaşlara xidmət göstərən müasir və effektiv rəqəmsal sistemlərin tətbiqi, əməyin mühafizəsi, təcrübə mübadilələri və s. məsələləri əhatə edir.