Siyasi intihar

13:20 07-11-2020 474

Neçə müddət idi ki, Ermənistanın avantürist baş naziri N.Paşinyan Rusiya Federasiyasının siyasi rəhbərliyi ilə pozulmuş münasibətlərini düzəltmək naminə dəridən-qabıqdan çıxır, hər cür vasitəyə əl atırdı.

Bunlardan biri Rusiya rəsmiləri tərəfindən məqsədli şəkildə ictimailəşdirildi. Əgər buna diplomatik cavabın sərt üzünün nümayişi demək mümkündürsə, bu cür münasibət Rusiya prezidenti cənab Vladimir Putin tərəfindən sərgiləndi. Telekameralar qarşısında Paşinyandan gələn telefon zənginə cənab Putinin cavabı belə oldu ki, o, məşğuldur, iclas keçirir. Rusiya tərəfindən həmin səhnənin ictimailəşdirilməsi, şübhəsiz ki, təsadüfi deyildi. Bu səhnə Paşinyanı aşağılamaqla yanaşı, onun dəfələrlə yol verdiyi anti-Rusiya, anti-Putin ritorikasına sərt və adekvat cavabın nümayişi idi. Ən başlıcası, Ermənistan ictimaiyyətinə açıq-aydın mesaj verilirdi ki, seçimlərində yanılıblar, müqəddəratlarını yanlış birisinə etibar ediblər. Paşinyan isə bu aşağılanmanı həzm etdi, üstəlik faktiki yalvarışa bərabər olan məktubla Rusiya prezidentinə yenidən müraciət edib kömək istədi. Onun bu məktubuna da eyni diplomatik tonda cavab verildi.

Ordumuzun hərbi uğurlarının təzyiqi altında məğlubiyyətə və kapitulyasiyaya məhkum olunduğunu dərk edən Ermənistanın siyasi-hərbi rəhbərliyi onu da başa düşdü ki, Rusiya Ermənistandan, yumşaq desək, ictimai şəkildə üzrxahlıq tələb edir. Bu alçaldıcı missiyanı Ermənistan Prezidenti Armen Sarkisyan öz üzərinə götürdü. Rusiyanın “RBK” kanalına iki gün əvvəlki müsahibəsində o, etiraf etdi ki, anti-Rusiya və anti-Putin ritorikası Paşinyanın şəxsi mövqeyini əks etdirir və guya bunun erməni cəmiyyətinə, siyasi elitasına aidiyyatı yoxdur.

Əslində A.Sarkisyan yalvar-yaxar edib inandırmağa çalışırdı ki, Ermənistan-Rusiya münasibətləri Paşinyan kimilərinin ritorikası, fərdlər üzərində qurulmamalıdır. Bu cür etiraflar artıq o deməkdir ki, Ermənistan iqtidarının əsas rəsmiləri də Paşinyanın “siyasi meyid” olduğunu  dərk etməyə başlayıblar, “siyasi cəsədi” çürüməmiş ondan uzaq durmağa və siyasi məsafə gözləməyə çalışırlar. Amma Ermənistan Prezidenti əslində öz baş naziri kimi riyakarlıq etdi.

Çünki, Paşinyanı Dağlıq Qarabağa səfərlərində müşayiət edən, Şuşada keçirilən dırnaqarası “inaqurasiya tədbirinə” və onun avantürist ritorikasına faktiki şərik çıxanlardan biri də özü idi. Elə bu səbəbdən, Dağlıq Qarabağın ərazi aidiyyatı ilə bağlı tarixi və hüquqi faktların Ermənistan prezidenti tərəfindən saxtalaşdırılması cəhdi təəccüblü deyildi. Paşinyanın avantürist ritorikasını o da eynilə təkrar edib, Rusiya kimi böyük bir dövlətin prezidentini Türkiyə faktoru və Suriyadan olan terrorçuların guya Azərbaycan tərəfində döyüşməsi ilə siyasi şantaj etdi. Ermənistan prezidentinin müsahibəsi həm də siyasi şantajında istifadə etdiyi uydurma motivlərin daha çox tirajlanması məqsədini güdürdü.

Azərbaycan cəmiyyətində bic kəlməsi heç vaxt müsbət bir keyfiyyətin və ya mərd əməlin ekvivalenti kimi qəbul edilməyib, riyakarlığın ən aşağı forması kimi dəyərləndirilib. Bu müsahibə isə, bicliyin ən iyrənc tərzi,  yaltaqlığın ən şit forması, saxtakarlığın ən ağlagəlməz səviyyədə ifadəsi ilə fərqlənirdi. Ermənistan prezidentinin müsahibəsi bir daha göstərdi ki, Rusiya prezidenti cənab Vladimir Putinin Türkiyəyə yönəlik obyektiv fikirləri və münaqişənin sülh yolu ilə həllində Türkiyənin  iştirakına dair balanslı mövqeyi erməniləri ciddi narahat edir...

İspaniyanın EFE informasiya agentliyinin jurnalisti noyabrın 4-də Prezident İlham Əliyevə belə bir sualla müraciət etdi: “Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz?” Dövlətimizin başçısı həmin suala növbəti dəfə, amma bu dəfə daha sərt formada cavab verdi: “Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız dırnaqarası “informasiya”dan və şayiələrdən istifadə edirlər. Bu, birincisi. İkincisi, bizdə heç bir muzdlu yoxdur. Mən bu haqda dəfələrlə demişəm... Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib?”

Prezidentimizin cavabı həm də o səbəbdən birmənalı və sərt idi ki, Qarabağ uğrunda Azərbaycanın apardığı savaş haqqa, tarixi ədalətə və beynəlxalq hüquqa söykəndiyi kimi, muzdluların da yalnız Ermənistan tərəfindən döyüşdüyü faktdır və yeganə həqiqətdir.

Azərbaycan əsgərinin hərbi uğurlarına kölgə salmaq naminə “qatqı” cəhdini edən vasitəçi ölkələrin bəzi rəsmiləri, təəssüf ki, hələ də Paşinyan və Sarkisyan kimilərinin uydurma ritorikalarının təsiri altındadır. Prezident İlham Əliyev EFE-yə müsahibəsində bunun səbəblərinə də diplomatik tərzdə aydınlıq gətirdi: “Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik”. Belə bir diplomatik eyhamın kimə ünvanlandığını və sətiraltı nələrin deyildiyini, şübhəsiz ki, ünvan sahibləri anlamamış deyillər. Bəlkə bu, ona da işarə idi ki, bəzən üçüncü-dördüncü ranqlı rəsmilərin açıqlaması, heç də bütövlükdə mənsub olduqları dövlətlərin və onların birinci şəxslərinin mövqeyi anlamına gəlməməlidir.

Yeri gəlmişkən, jurnalistin sualda istinad etdiyi Rusiya Xarici İşlər naziri cənab S.Lavrov tərəfindən iki min muzdlunun məhz kimin tərəfində döyüşdüyünün konkretləşdirilməməsi xüsusi diqqət çəkir. Halbuki, bir müddət əvvəl qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan elə bu rəqəmi səsləndirmişdi, iki min PKK, YPG terrorçusunun 600 dollar maaş müqabilində Ermənistan tərəfindən döyüşdüyünü açıq şəkildə bildirmişdi. Vasitəçi ölkənin rəsmisi tərəfindən eyni rəqəm təkrarlandığı halda, konkret ünvanın açıqlanmaması, göründüyü kimi, əlavə suallar doğurur. Bunu tərəfsiz, yaxud balanslı yanaşmanın göstəricisi hesab etmək olarmı? Bəzən elə təəssürat yaranır ki, hətta böyük dövlətlərin ciddi siyasi nüfuz və iradə sahibi olan birinci şəxsləri də hansısa dairələrin, o cümlədən erməni lobbisinin qatqısı olan dairələrin təzyiqi ilə üz-üzədir. Bu, subyektiv qənaət olsa da, vasitəçi ölkələrin bəzilərinin siyasi elitasında erməni lobbisinin nüfuzlu nümayəndələrinin varlığı danılmaz faktdır...

Azərbaycan torpaqlarındakı döyüş meydanında minlərlə erməni yeniyetməsinin həyatını itirməsinə görə Paşinyanla yanaşı məsuliyyət daşıyan, amma nə bu məsuliyyətlə, nə də müharibə ab-havası ilə görkəmi hec cür uyuşmayan, hamar-tumarlı A.Sarkisyanın “RBK”ya müsahibəsinə qayıdıram. Bu müsahibə cənab Vladimir Putinin qarşısında Paşinyanın yerinə diz çökmək və üzrxahlıqla yanaşı, Ermənistan prezidentinin dilindən Paşinyanın “gedər-gəlməzə” yola salınmasının anonsu idi. Sonuncunun istefası ilə bağlı tələblər Ermənistanda günbəgün artmaqdadır. Paşinyanın “siyasi meyid” olduğu artıq faktdır, hakimiyyətdən qovulması gün məsələsidir. Amma Ermənistan parlamentinin gülləbaran edilməsi, siyasi rəqiblərin öldürülməsi elə də uzaq tarixi keçmişdə baş verməyib. Bu cür siyasi ənənə ehtimal etməyə əsas verir ki, Paşinyanın cəsarəti çatıb özü-öz başına güllə çaxmasa, bunu onun əvəzindən  başqa soydaşları da edə bilər. Bu isə artıq subyektiv mülahizə deyil. Ən inandırıcı görünən odur ki, ordumuzun qarşısından erməni hərbçilərinin qaçdığı və kütləvi fərarilik etdikləri kimi, Paşinyan da imkan tapsa, Ermənistandan qaçacaq. Hakimiyyətdə olduğu müddətdə, o, cəmi bir dəfə düz danışıb, tarixi həqiqəti etiraf etməli olub. Bunu da Rusiya onu sıxışdırandan sonra, məcburiyyət qarşısında, “RİA Novosti” agentliyinə müsahibəsində edib: “Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərində dayanır. Bu,həmişə belə olub. İndi isə hadisənin son inkişafı nəticəsində Rusiya sərhədçiləri həmçinin Ermənistanın cənub-şərq və cənub-qərb sərhədlərində də dayanırlar”.

Paşinyanın özünün də etiraf etdiyi kimi, Ermənistan de-fakto heç vaxt müstəqil olmayıb və bu gün də deyil. Ordumuzun əks-hücum əməliyyatları Şuşa və Xankəndinə Azərbaycan bayrağının  sancılması ilə nəticələndikdən sonra, Ermənistanın yalnız bir yolu qalacaq: de-yure müstəqilliyindən də imtina etmək və Rusiyaya birləşmək.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən savaşımızda müəyyən etdiyi hədəflər və ordumuzun qarşısında qoyduğu vəzifələr, eləcə də ehtimal olunan yeni regional konfiqurasiyaya münasibətdə önləyici siyasi baxışları ərazi bütövlüyümüzün bərpasının və dövlət müstəqilliyimizin qorunmasının yeganə qarantıdır.

Allah bir daha Ali Baş Komandanımıza, Ordumuza, Xalqımıza yar olsun, Azərbaycanı sevənləri və ona xidmət edənləri qorusun!

Milli Məclisin deputatı 

Ülvi Quliyev