Azərbaycanda yaşayan hindistanlılar xalqımıza və ordumuza dəstək olub

12:40 12-11-2020 472

Ölkəmizdə yaşayan və işləyən xarici ölkə vətəndaşları Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu hərbi əməliyyatlar müddətində müxtəlif yardım kampaniyalarında yaxından iştirak edib, öz dəstəklərini veriblər.

Bu barədə Hindistanın “Bhaskar” agentliyində xüsusi məqalə dərc edilib.

Yazıda qeyd olunur ki, Bakı şəhərində yaşayan Hindistan icması da döyüş əməliyyatlarının getdiyi müddətdə bu prosesdən kənarda qalmayıb.

Məqalədə Azərbaycanda yaşayan və burada tibb sahəsində iş quran hindistanlı həkimlərin müharibədən xəsarət alan vətəndaşlarımıza yardımından söz açılıb.

Belə ki, paytaxta yerləşən “Indian Clinic” tibb mərkəzinin rəhbəri, hindistanlı həkim Radjni De Mello və onun həyat yoldaşı Ronald De Mello müharibədə xəsarət alanların müalicəsində birbaşa iştirak edirlər.

“Hindistan icması Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat vəsait köçürüb. Azərbaycan ordusuna dəstək üçün avtoyürüş təşkil olunub. Azərbaycanda yaşayan hindistanlılar gələcəkdə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək və əlindən gələn qədər öz yardımlarını davam etdirəcək”, - deyə hindistanlı həkim Radjni De Mello bildirib.

Hindistanlı həkim Azərbaycanın yaşadığı acıları bölüşdüklərini və yaşadıqları bu gözəl ölkənin müharibədən zərər çəkmiş ailələrinə, onların övladlarına maddi və mənəvi dəstək olmağa davam edəcəklərini vurğulayıb.