İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı açıqlama - FOTO

13:20 23-11-2020 406

Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini verəcək.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcı işğaldan azad olunmuş ərazilərin post-konflikt dövründə bərpa prosesi haqqında məlumat verərkən deyib.

Münaqişə zamanı dəyən zərərin post-konflikt dövründə bərpa prosesi bir çox sahələrin prioritetləşməsini tələb edir. Bu sahələrin münaqişədən sonra müəyyənləşdirilib bərpasına başlanılması prosesi kompleks mexanizmlər tələb edir. İlkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra minimum yaşayış səviyyəsinin təminatı prioritetdir. Minimum yaşayış səviyyəsinin təminatını nəzərdə tutan vacib amillər aşağıdakılardır:

- İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi;

- Elektrik enerjisinin təminatı;

- Əhəmiyyətli yol xətlərinin bərpası;

- İçməli su, sanitar qovşaqlarının və irriqasiya sistemlərinin bərpası;

- Ev-mənzil yaşayış sahələrinin bərpası və təminatı;

- Humanitar yardım məqsədləri üçün hava limanının bərpası.

İlkin mərhələdə bu sahələrə yönələn sərmayə sonrakı dövrdə sosial və iqtisadi canlanmaya dəstək olacaq. Ərazilərin minalardan təmizlənməsi sözügedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir. Bu prosesdən sonra, əhəmiyyətli yol xətlərinin bərpası yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək.

İlkin sosial-iqtisadi inkişafın vacibliyi post-konflikt dövründə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə ki, təhsil, səhiyyə və telekommunikasiya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirəcək. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik və orta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstərilməlidir. 

Qeyd edilib ki, post-konflikt dövrdə münaqişədən yeni çıxan ərazilərə investisiya cəlb etmək kifayət qədər çətin bir prosesdir. Çünki hazırda həmin ərazilər haqda müfəssəl məlumat yoxdur. Bu o deməkdir ki, ərazi ilə bağlı nə qədər çox məlumat olarsa, investorların marağını bir o qədər çox cəlb edə bilər.

Post-konflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir. Vətəndaşların ilkin yaşayış səviyyəsini təmin etdikdən sonra onların köçürülməsinə yönələn prosesdə ilkin olaraq sosial və iqtisadi inkişafa dayanan sahələrə diqqət yetirilməlidir. Əlavə olaraq uzun müddətdə dayanıqlı iqtisadi inkişaf modeli yaradılmalı və sərmayə qoyuluşlarında davamlı gəlirlər əldə etmək üçün strateji sahələr seçilməlidir.