Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı - FOTO

16:40 01-12-2020 38

Qarabağın hər şəhərinin, hər  kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib. 

Bunu nəzərə alaraq, İkinci Qarabağ Müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi “Qarabağ xalça xəritəsi”ni hazırlayıb və izləyicilərinə təqdim edib:

“Qeyd edək ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunmuşdu. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca “Qarabağ xalça xəritəsi” də al-əlvan rənglərə boyandı. 

Bu gün isə, nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Artıq “Qarabağ xalça xəritəsi”ni tam rənglənmiş şəkildə sizə təqdim edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun qüdrəti sayəsində illərdir Qarabağ həsrəti çəkən insanlarımız öz yurdlarına qayıdacaqlar.

Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar”.