Azərbaycanlı deputat MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri seçilib

19:00 03-12-2020 32

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov daimi komissiyanın yeni sədri seçilib.

Sədr müavini vəzifəsinə Rusiya Federal Şurasının Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin üzvü Yuriy Berezutskiy seçilib.

İclasın gündəliyinə cəmi 18 məsələ daxil edilib və əsas məsələlər sırasında MDB PA Şurası ilə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun “COVID-19 ilə mübarizədə parlamentlərin rolu haqqında” birgə bəyanatının qəbul edilməsi, MDB ölkələrində uşaqların sağlamlığının və səhiyyə hüquqlarının qorunması, psixiatriya yardımı və onun göstərilməsində müvafiq hüquqların təmin edilməsi, tibbi yardıma dair klinik tövsiyələr, uşaqlar üçün qida məhsullarının marketinqi, vətəndaşların sağlamlığının tütün tüstüsünün zərərli təsirlərindən qorunması, orqan donorluğu və sair model qanunların layihələri barədə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Azərbaycan Respublikasının qanunyaradıcılığı təcrübəsi də nəzərə alınaraq, üzv dövlətlər üçün model Miqrasiya Məcəlləsinin layihəsi müzakirə edilib və komissiyanın sədri Nizami Səfərova MDB PA plenar iclasında layihənin təqdim edilməsi həvalə olunub.

Həmçinin Daimi komissiyanın növbəti iclasının 18 fevral 2021-ci ildə kecirilməsi barədə qərar qəbul edilib.