ANAMA cəbhə boyu keçirdiyi əməliyyat zamanı 178 ədəd hərbi sursat aşkarlayıb - FOTO

02:00 07-12-2020 447

3-6 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub. 

ANAMA-nın yaydığı məlumata görə, daxil olmuş 35 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat (PHS), 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6 700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.