Sirrini qorumaq üçün ailəsinin bütün üzvlərini öldürdü - FOTO/VİDEO

06:20 14-01-2021 473

23 yaşlı gənc sirrini qorumaq üçün ailəsinin bütün üzvlərini qətlə yetirib.

“The Mirror”un məlumatına görə, dəhşətli hadisə Kanadada baş verib.

Bildirilir ki, Banqladeş əsilli Menhaz Zaman mühəndisliyi oxuduğu barədə valideynlərinə yalan danışıb. O, kollecə daxil olduqdan az sonra dərslərdən geri qaldığı üçün təhsil müəssisəsindən çıxarılıb, ancaq bunu evdə deyə bilməyib.

Bundan sonra o, dərs adı ilə oyun zalına yollanırmış.

Valideynləri isə hər yerdə fəxrlə övladlarının mühəndisliyi barədə danışır, digər qohumları da onu öz uşaqlarına nümunə göstərirmişlər.

Bir neçə il müddətində Zaman hər gün noutbukla evdən çıxıb və gecəyarısı qayıdıb. Kollecdə diplom təqdim etmə mərasiminə bir gün qalmış isə o, uzun illər yalan dediyini gizlətmək üçün bir-bir bütün ailə üzvlərini qətlə yetirib.

Belə ki, gündüz vaxtı o, evdə dincələn anasını, bir saat sonra isə nənəsini öldürüb. Onun cinayəti gecə işdən qayıdan bacısını, sonra da atasını öldürməklə davam edib.

Hadisədən sonra gənc baş verənlər barədə sosial şəbəkədə xəbər verib. Əvvəlcə dostları buna inanmasa da, gənc meyitlərlə birlikdə və əlində qanlı bıçaqla şəklini paylaşıb. Bundan sonra onun onlayn oyunlardan olan tanışları polisə məlumat veriblər.

Hüquq mühafizəçiləri onu elə cəsədlərin yanında tapıb.

Gənc ilk 40 il əfv hüququ olmadan ömürlük həbsə məhkum edilib.