2020-ci ildə uşaqlara ən çox verilən adlar açıqlandı - SİYAHI

12:20 25-01-2021 311

“İl ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb”.

Bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, insan doğulandan ölənə qədər onun barəsində məlumatlar məhz vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı əsasında aparılır:

“2020-ci il ərzində 127 588 doğum dövlət qeydiyyatına alınıb. Bu sahədə yüksək nəticələrə nail olunması diqqətdə saxlanılır.

İl ərzində səyyar xidmət vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının verilməsi məqsədilə xəstəxanalarda 1 401 uşaq doğumu qeydə alınaraq doğum haqqında şəhadətnamələri valideynlərə təqdim olunub.

Doğum şəhadətnaməsi olmayan 1 312 uşaq aşkar edilib və 1 205 doğum qeydiyyata alınıb. Digərlərinə isə doğum aktının müəyyən olunması ilə bağlı köməklik göstərilib. 

İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 usaqdan 100 nəfərin doğumu dövlət qeydiyyatına anılıb.

2020-ci il ərzində doğumu qeydə alınan uşaqlardan 67 972-si oğlan, 59 616-sı isə qız olub. Onlardan 1 695-i əkiz, 46-sı üçəm, bir dördəm uşağın doğumu qeydə alınıb.

Eləcə də il ərzində oğlan uşaqlarına verilən adlar arasında Yusif, Uğur, Hüseyn, Məhəmməd, qızlara isə Zəhra, Məryam, Mələk adları üstünlük təşkil edib”.

Könül Cəfərli