Düşməndən azad olunan əraziyə bayraq sancarkən şəhid olan bölük komandiri - FOTO

17:40 25-01-2021 421

Vətən müharibəsində şəhid olan hərbçilərimizdən biri də 22 yaşlı Coşqun Xəlilovdur. 

Leytenant Coşqun Xəlilov Neftçala rayonu Xolqaraqaşlı kəndində ziyalı ailəsində anadan olub. O, 2015 -ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi əla və yaxşı qiymətlərlə bitirib.

2019-cu ildə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə leytenant olaraq əmək fəaliyyətinə başlayıb və hərbi hissədə tağım komandiri olub. İşlədiyi müddət ərzində üç dəfə fəxri fərman alıb. Döyüş zamanı bölük komandiri vəzifəsinə təyin olunub. 

2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən, azad olunmuş əraziyə üç rəngli bayrağımızı sancan zaman ürəyindən aldığı snayper gülləsi nəticəsində şəhidlik məqamına yüksəlib. 

Şəhid leytenant ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin bacısı Aynur Xəlilova “Qafqazinfo”ya bildirib ki, şəhadətə yüksələcəyi qardaşının ürəyinə damıbmış:

“Müharibəyə getmədən qabaq dedi ki, şəhid olacaq. Döyüş başlayandan demək olar ki, bizimlə əlaqə saxlamadı. Biz ailədə iki bacı, bir qardaş idik. Qardaşım subay idi. Həmişə deyirdi ki, hərbiyə gedib komandir olacaq.

Qardaşımla bir qrupda oxuyan tələbə dostlarından bir neçəsi şəhid olub. Onun iki ən yaxın dostu da şəhadətə yüksəlib”.