“Kəpəz”in Azərbaycan Kubokunda 180-ci qolunun müəllifi kimdir? - VİDEO

12:20 26-01-2021 372

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Sabah”la səfər matçında “Kəpəz”in futbolçusu Əli Səmədovun vurduğu qol Gəncə təmsilçisi üçün ikiqat yubileylə əlamətdar olub.

HerGun.Az xəbər verir ki, komandasına 2:1 hesablı qələbə və 1/4 finala vəsiqə qazandıran bu top həm yarışda, həm də səfərdəki yubiley qolu olub.

Qərblilər ölkə kuboku tarixində 180-ci qoluna imza atıb. “Kəpəz” bu göstəricidə yalnız üç komandadan – “Qarabağ”, “Neftçi” və “Bakı”dan geri qalır.

Əlinin vurduğu top həm də səfərdəki 70-ci qol olub. Gəncəlilər yalnız iki komanda – yarışın ən titullu komandaları olan “Qarabağ”la “Neftçi”dən az fərqlənib.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi Əli Səmədov həm də I divizion komandasının kapitanıdır.