Mübarizlik Zirvəsi

09:58 07-02-2021 640

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Vətən sevgisiylə dünya azərbaycanlılarının, türklərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov qəhrəmanlıq simvolumuzdur.

 
... Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. Xocalı qətliamı baş verəndə onun cəmi 4 yaşı var idi, televiziyada günahsız körpə və uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə işgəncələr verərək öldürən erməni cəlladlarının amansızlıqlarını görəndən sonra düşmənə nifrəti artmış, qisas almaq barədə düşünmüşdü.
 
Böyüdükcə erməni terrorçularının əsil mənfur sifətini daha dərindən dərk edirdi və işğal altında olan Vətən torpağını azad etmək amalı, intiqam hissi də böyüyürdü.
 
... Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində başa vuran Mübariz bir müddət mülki işlərdə işlədi, ancaq dinclik tapa bilmirdi. Onun üçün Vətən hər şeydən üstün, hər şeydən Uca idi. “Vətən torpağı düşmən tapdağındadır, düşməni doğma torpaqardan qovmaq lazımdır” qəti fikri ilə cəbhə bölgəsinə yollanır.
 
147086452_499521421034530_7511841176172518259_n
 
... Vətən yolunda canından keçməyə hazır olan Mübariz ailəsinə yazdığı son məktubda erməni cəlladlarının başını əzərək son nəfəsinə qədər döyüşəcəyini qeyd edirdi: “Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
 
... Düşməndən qisas almaq, intiqam hissi ona rahatlıq vermirdi, fürsət gözləyirdi. 2010-cu il gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz zərbə endirdi, onların çoxusunu məhv etdi. Sonra köməyə gələn düşməni öz silahlarından özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşərək ağır itkilərə məruz qoyur, səhərə qədər davam edən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
 
... Mübariz ona qoyulan adı doğrultdu. Adındakı möhtəşəmliyi ilə Vətənin adını ucaltdı. Bahar günlərinin birində ömrünün bahar çağında 22 yaşında mübariz Şəhidliyə ucaldı. Mübarizlik Zirvəsinə ucaldı.
 
... Ali Baş Komandan, Prezident İlham Əliyev Mübariz İbrahimovu Vətənin qəhrəman oğlu adlandıraraq Onunla qürur duyduğunu xatırlatmışdır. O dövrdə Mübariz İbrahimov və Fərid Əhmədovun nəşini vermək istəməyən Ermənistan məkrli əməllərindən əl çəkmək istəməsə də, İlham Əliyevin uzun müddət davam edən gərgin əməyindən sonra hər iki şəhidimizin nəşini ölkəyə gətirmək mümkün oldu. Prezident İlham Əliyev Mübarizin və Fəridin vida mərasimində iştirak etdi, dərin ehtiramını bildirdi, onların valideynləri ilə görüşdü.
 
.... Mübarizin igidliyi, fədakar döyüş əzmkarlığı və rəşadəti Cənab Prezident tərəfindən yüksək dəyərləndirilib, Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə doğulduğu Biləsuvar rayonunun orta məktəblərindən birinə adı verilibdir, Biləsuvardakı küçələrdən biri Mübarizin adını daşııyr.
 
... Şəhidlik yenilməzlik rəmzidir. Onun yenilməzliyi dillərə dastandır. Mübarizin mübarizliyindən dünya danışır. Rusiya prezidenti Vladimir Putinin Mübariz İbrahimov haqqında danışarkən heyrətini gizlədə bilmirdi: “Mən çox qəribə və maraqlı məlumat almışam. Azərbaycanda yeni Rembo peyda olub. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinoda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Axı, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu heç cür ağılabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var”.
 
... Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Mübariz İbrahimovu bütün türk dünyasının qəhrəmanlıq örnəyi hesab etdiyini bildirib. Cənab Ərdoğan ötən il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər Paradında bir daha Mübarizə böyük ehtiramını nümayiş etdirərək “Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür” deyə xatırlatdı. Qardaş ölkədə işıq üzü görən baxımlı film və seriallarda Mübariz İbrahimovun adı sonsuz hörmət və məhəbbətlə yada salınır, Onun haqqında kitablar nəşr edilir.
 
... Mübariz şəhidlərimizin sərdarıdır. Hər bir əsgər, gizir Mübarizilik məktəbində yetişib, Mübarizi örnək hesab edirlər. Müzəffər Ordumuz 44 günlük Vətən savaşında Mübarizin şəhid olduğu yüksəklikdəki postumuza üçrəngli bayrağımızı ucaltdı. Mübarizin ayaq izləri qalan, qanı hopan bu müqəddəs torpaq erməni murdarlarından təmizləndi, paklaşdı, Mübarizin qisası alındı, ruhu şad oldu. Onun ayaq basdığı, Ucaldığı, Adını daşıdığı bu yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır!
 
...Cəsurluq, igidlik, mərdlik, kişilik məktəbi olan Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. Onun əziz xatirəsi heç vaxt unudulmayacaq, hər zaman qəlbimizdə yaşayacaqdır.
 
Mübarizin və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
 
1612353420_212

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü