Koronaviruslu xəstələrlə çalışan həkimlərin əlavə ödənişləri kəsilir? - AÇIQLAMA

11:00 09-03-2021 360

Sumqayıtda koronaviruslu xəstələrlə çalışan həkimlər onlara ödənilən əlavələrin vaxtından əvvəl kəsilməsindən şikayətçidir.

Bu barədə HerGun.Az-ın redaksiyasına Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasında çalışan bir qrup həkim tərəfindən məlumat verilib.

Bildirilib ki, əlavələrin vaxtından əvvəl kəsilməsi ilə bağlı məlumatı Sumqayıt Səhiyyə şöbəsi göndərib:

“Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, aprelin 1-nə qədər həkimlərin peşə riskinə görə maaşlarının dörd misli qədər əlavə ödənməsi bildirilib. Sumqayıt səhiyyə şöbəsi buna əməl etmir. Həkimlərin əlavələri kəsilir, koronavirusa yoluxan xəstələrlə təmasda olan həkimlərin ödənişini isə təmas saatına görə maaşa əlavə etmək istəyirlər. Axı təcili yardım xəstələri yalnız qızdırmalı xəstələrə baxmır. Təcili yardım həkimi çağırışa gedərkən COVID-19 xəstəsində hər zaman hərarət özünü büruzə vermir. Eyni zamanda xəstələr bəzən yaxma analizindən boyun qaçırır. Yoluxma azalsa belə, hələ də davam edir. Demək olar ki, hər 10 xəstədən bir həkimlərdən 1-i virusa yoluxur. Bu işin riski azalmır. Təcili yardım həkimlərinin işi riskli olaraq qalırsa, hansı əsasla belə ayrı-seçkilik edirlər?

Sumqayıt Səhiyyə Şöbəsindən göndərilən məktubda deyilir ki, fevral ayından etibarən həkimlərə verilən əlavə ödənişlər kəsilməlidir. Bu barədə ən azından daha əvvəl məlumat verib, COVID-19 xəstələri ilə çalışacaq briqadalar yaratmaq lazım idi. Amma bu gün xəstələrlə bütün təcili yardım həkimləri təmasda olur. Xahiş edirik aidiyyəti qurumlar bu məsələni araşdırsınlar”.

Qeyd edim ki, Nazirlər Kabinetinin sonuncu məlumatında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsinin vaxtı 2021-ci il martın 31-dək uzadıldığı qeyd olunub.

Məsələni aydınlaşdırmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Agentlikdən Oxu.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə və cəlb olunduqları iş vaxtına mütənasib olmaqla dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilib:

“Nəzərinizə çatdırırıq ki, müraciətdə qeyd olunan məsələnin araşdırılması ilə əlaqədar Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilmiş məlumata görə, təcili tibbi yardım üçün gün ərzində ümumilikdə 20 briqada ayrılır. Briqadalardan üçü koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilir. Həmin briqadanın işçilərinin aylıq vəzifə maaşlarına üç və dörd misli məbləğində cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilir.

Digər xəstəliklərlə bağlı gündəlik çağırışların sayının 300-350 arası olması nəzərə alınaraq, qalan 17 briqada təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərlə (infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, zəhərlənmə və s.) bağlı çağırışlara gedir. Nəzərinizə çatdırırıq ki, hər şikayəti olan xəstə koronavirus infeksiyasına yoluxmuş hesab edilmir və həmin xəstələrlə təmasda olan işçilər koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmədikləri üçün onların aylıq vəzifə maaşlarına müddətli əlavə tətbiq edilmir.

Əhalinin sağlamlığı və təhlükəsizliyi məqsədilə tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlilik qaydasında hazırlanan qrup əsasında cəlb edilirlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan azalıb-çoxalmadan asılı olaraq tənzimlənir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir. Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün həmin şəxsin kimliyinin qeyd olunması xahiş olunur.

Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibb və qeyri-tibb işçilərinə 2020-ci ilin mart ayından 2021-ci ilin yanvar ayına qədər (yanvar ayı daxil olmaqla) cəlb olunduqları iş vaxtına mütənasib olmaqla və aylıq vəzifə (tarif) maaşının üç və dörd misli nəzərə alınmaqla cəmi 4,3 milyon manatdan çox müddətli əlavə ödənilib. Sözügedən tibb işçilərinə müddətli əlavələr tibb müəssisəsi tərəfindən agentliyə təqdim edilmiş iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən ödənilir. Tibb müəssisəsi tərəfindən fevral ayı üzrə ilkin mühasibatlıq cədvəlləri agentliyə göndərilməyib”.

“Qeyd edirik ki, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə maaşının üç misli məbləğində ödəniş olunur. Yeni növ koronavirus infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilir:

-Tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkimi-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri;

-Təcili tibbi yardım xidmətinin və təcili yardım avtobazasının sürücüləri;

-Tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla, tibb müəssisəsi rəhbərinin müavini – baş həkimlər;

-COVID-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri;

-COVID-19 infeksiyası ilə mübarizədə tibbi profilaktik tədbirləri həyata keçirən tibb müəssisələrinin bütün kateqoriyadan olan digər tibb işçiləri”.

“Təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə maaşının dörd misli məbləğində, bununla yanaşı pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə maaşının beş misli məbləğində ödənişlər olunur. Tibb müəssisəsi tərəfindən qeyd olunan sənədlər agentliyə təqdim edildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq mart ayının 31-dək koronavirusla mübarizə tədbirlərinə cəlb edilən işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 misli məbləğində müddətli əlavələr ödəniləcəkdir”, - deyə məlumatda qeyd olunub.

Könül Cəfərli