Fuad Cəbrayılovun Abşerondan Suraxanıya başçı müavini kimi müəmmalı transferinin gizlinləri

15:30 19-03-2021 63

Başçı müavini, özünü, həm də bahalı obyektlər və mülklər sahibi, ən böyük torpaq mülkiyyətçisi kimi tanıdıb


Zakir Fərəcovun "əvəzolunmaz kadrını" Əziz Əzizova bağlayan səbəblər, gizli transferin arxasında duran gizli planlar və...


Paytax Bakının iki addımlığında yerləşən, əhalisinin sayına və ərazisinin ölçüsünə görə, ölkənin ən böyük inzibati ərazi vahidlərindən biri olan, lakin gözdən, könüldən uzaq region təsiri bağışlayan və sosial-iqtisadi problemlər girdabında boğulan Abşeronun adı, rəhbər kadrları sarıdan da, heç vaxt bəxti gətirən rayonlar sırasında çəkilməyib.

Rayonda qanunların rəhbər kadrlarının əlində olan hegemon bir qrupun maraqlarına tabe edilməsi, bunun başlıca səbəbidir. Rayonda bütün sahələri tamamilə ələ keçirən bu qruplaşma həmişə rüşvəti, korrupsiyanı, maxinasiyanı, saxtakarlığı... özünün əsas iş prinsipinə çevirib. Bu isə, yerli əhali arasında çoxdan yaranan kütləvi narazılıqların gündən-günə daha da artmasına səbəb olub.

Elə, araz.az xəbər portalının, Abşeronda önəmli vəzifə postlarını tutan, hətta uzun müddət Rayon İcra Hakimiyyətində başçı müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini ələ keçirməyi bacaran Fuad Cəbrayılovun bəd əməllərindən bəhs edən ötən yazılarındakı mövzuların ana xəttini də, bu deyilənlər təşkil edib.

Bu yazılarda, ölkədəki bu həssas məqamda onun birdən-birə nədən Suraxanıya başçı müavini aparılmasına, eləcə də bu mühüm posta təyinatının indiyədək nə səbəbdən gizli saxlanılmasına toxunmağımız isə, böyük oxucu marağına səbəb olub. Ortadakı bu xüsusi maraq, həm də ondan irəli gəlib ki, həmin yazılarda, Abşeronun sabiq, Sumqayıtın indiki icra başçısı Zakir Fərəcovun "sağ əli" və "əvəzolunmaz kadrı" kimi, uzun zaman gündəmdən düşməyən Fuad Cəbrayılovu, Suraxanı rayonunun icra başçısı Əziz Əzizova nələrin bağlamasına da, xüsusi bir yöndən toxunulub.

Üstəlik, Abşeron Rayon İcra Hakimiyyətinin binasında hüquq-mühafizə orqanların tərəfindən aparılan səs-küylü məlum əməliyyatın əsas motivləri də, həmin yazılarda yer alıb.

Qeyd edilib ki, keçirilən əməliyyat zamanı rayon icra başçısı müavinlərinın hamısı saxlanılıb. Xüsusi olaraq o da vurğulanıb ki, vaxtilə, adı "MTN işi"ndə və bir çox rüşvət qalmaqallarında hallanan, tutduğu vəzifələrdə törətdiyi qanunsuzluqlara görə, dəfələrlə, həbs təhlükəsi ilə üz-üzə qalan, lakin arxasında duranların köməyi ilə, bu təhlükələrdən canını qurtaran başçı müavini Fuad Cəbrayılov da onların arasında olub.

Di gəl ki, həmin arxa-dayaqlarından biri olan Zakir Fərəcov özünün "sağ əlini", bu dəfə də, bu təhlükəli həbsdən qurtara bilib. Bu barədə, bir qədər sonra. İndi isə, onu demək istəyirik ki, media üzərindən apardığımız araşdırmalar, eləcə də narazı yerli əhalinin araz.az-ın əməkdaşlarına dedikləri Fuad Cəbrayılovun tutduğu heç bir vəzifəyə layiq kadr olmadığını bir daha təsdiq edib.

Vəzifə kürsüsündə işi-gücü saxta yollarla özünə bahalı obyekt və mülklər ələ keçirməkdən, doğma və yaxınlarını iyrənc üsullarla yüksək çinli məmur postlarına yerləşdirməkdən ibarət olub. Elə, obyekt və mülklərinin, məmur doğma və yaxınlarının əlimizdə olan siyahılarına baxanda da, dəhşətə gəlirsən.

 

Bir daha xatırladaq ki, Fuad Cəbrayılovun adı, “memarlar işi”ndən xeyli əvvəl də, mətbuatda tənqidlərə hədəf olurdu. Bütün bunların hamısı isə, yuxarıda sadaladıqlarımızın daha bir sübutudur.

Medianın həmin məlumatları, üstəlik, apardığımız son araşdırmalar zamanı ortaya çıxardığımız faktlar bir daha təsdiq edir ki, Fuad Cəbrayılov, doğrudan da, bu rayonda ən böyük biznes şəbəkəsinə malik məmur kimi ad çıxarıb. O, xarici ölkələrdə, Abşeronda və digər bölgələrdə sayı-hesabı bilinməyən irili-xırdalı obyekt və mülklərə də sahiblik edir.

İndiyədək onların sırasında olduqca bahalı olanların - paytaxt Bakıdakı, Sumqayıtdakı, qardaş Türkiyənin ayrı-ayrı şəhərlərindəki və Dubaydakı bahalı şəxsi evlərinin, Ceyranbatandakı, Qobudakı, Fatmayıdakı, Maştağadakı, Masazırdakı... obyekt və mülklərinin, Sabunçudakı və Xırdalandakı yanacaqdoldurma məntəqələrinin, Xırdalandakı 10-a yaxın qeyri-yaşayış obyektinin, Abşeron rayonunun məhkəmə icraçılarının icarə müqaviləsi əsasında oturduqları, bu rayondakı Epidemioloji Mərkəzlə üzbəüzdə yerləşən qeyri-yaşayış obyektlərinin və Azərbaycan Tibb Universitetinin iki addımlığındakı "Nağıl - S" adlı uşaq bağçasının yerləşdiyi tikililərin adları daha çox hallandırılıb və geniş müzakirələr obyektinə çevrilib. Söylənilən iddialara görə, o, rəhbər vəzifəyə təyin olunduqdan sonra, qeyd olunan obyektlərin sahib ola bilib.

Fuad Cəbrayılov Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab edilir. Çünki rayonun müxtəlif ərazilərində - Xırdalan şəhərində, Fatmayıda, Novxanıda, Masazırda, Qobuda və digər yaşayış massivlərində Fuad Cəbrayılova məxsus hektarlarla torpaq sahələrinin olduğu da, artıq, öz təsdiqini tapıb.

Baxmayaraq ki, o, həmin sahələri öz adına deyil, daha çox yaxın qohum-əqrəbalarının adlarına sənədləşdirib. Bunlar azmış kimi, hətta onun, Goradildə dəniz sahili əraziləri ələ keçirərək, özününküləşdirməsi də iddia olunur.

Başçı müavini postunda Fuad Cəbrayılovun doğma və yaxınlarını yüksək məsuliyyət tələb edən önəmli vəzifə postlarına təyin etdirməsi barədə dediklərimizin sübutu kimi, yalnız onu demək kifayətdir ki, o, ali təhsili olmayan doğma bacısını Qobu -2 tam orta məktəbinin direktoru qoydurmağa da nail olub. Bu məktəbdə baş verən xoşagəlməzliklər və təhsilin pis kökə düşməsi barədə əlimizdə olan faktlar da, qanqaraldıcıdır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, araşdırmalarımız zamanı üzə çıxardığımız inkarolunmaz faktlarda, eləcə də uzun müddət rayonda baş verən qanunsuzluqlar barəsində mediada əksini tapan kifayət qədər qanqaraldıcı məlumatlarda Fuad Cəbrayılovun adı həmişə xüsusi bir yöndən çəkilib. Bildirilib ki, o, rayonda “tikinti biznesinin ağası" hesab olunan, iradəsindən kənar daşı daş üstə qoymağın mümkün olmadığı deyilən Babək Alıyevlə də bərabər işləyib.

Di gəl ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bu günlərdə keçirilən məhkəmə iclasında, rayonda əsas söz sahiblərindən biri hesab olunan Babək Alıyev törətdiyi qanunsuz əməllərə görə, elə, məhkəmə zalındaca qandallansa da, Fuad Cəbrayılov hələ də azadlıqdadır. Bu bir yana, özü də, yenə, yüksək səlahiyyətli bir vəzifə kürsüsündə! Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, ölkədəki həbslər dalğası artıq bütün mafioz kadrları ağuşuna alsa da, Fuad Cəbrayılovu məsuliyyətə cəlb etmək elə də asan məsələ deyil.

araz.az-a daxil olan digər ciddi iddia və ittihamlara görə, Abşerondan Suraxanıya transferi hektarlarla torpaq sahəsinin iki rayon üzrə paylanışındakı maxinasiyalarla daha çox bağlı olan Fuad Cəbrayılovun, 2016-cı ildən bir qrup iş adamı ilə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında davam edən və getdikcə daha da şiddətlənən məlum milyonluq borc qalmaqalında da adı keçib.

Xatırladırıq ki, bu qalmaqal Sumqayıtdakı Dənizkənarı Bulvarın tikintisi ətrafında yaranıb və bu günədək həllini tapmayıb. Baş verənlərdən dolayı, rəsmi qurumlara edilən şikayət xarakterli müraciətlərə məhəl qoymayan icra başçısının əsas arqumenti isə, pulun ödənilməsini iddia etməsidir.

Bir neçə sahibkar tərəfindən həyata keçirilən və smeta dəyəri 12,8 milyon manat təşkil edən bu prosesin detallarından məlum olur ki, Dənizkənarı Bulvarın tikintisində, ümumilikdə, onlarla şirkətin 600 nəfərə yaxın fəhləsi işləyib. Bütün işləri görmək üçünsə, onların hesabına vur-tut 3 milyon 460 min manat nağd, 10 min manat da köçürmə yolu ilə pul ödənilib.

Zakir Fərəcov bu puldan əlavə, 1 milyon 50 min manat da fəhlələrə ödəyib. İş adamlarının dediklərindən məlum olur ki, Zakir Fərəcov Bulvarın tikintisinə ayrılmış pulların qalan hissəsini "otkat" yolu ilə özünə və ətrafında olan yaxınlarına götürüb. Elə, Fuad Cəbrayılov da, Sumqayıt şəhər icra başçısının müavinləri Gündüz Əliyevlə və Adil Xudadatovla bərabər, həmin "otkat puldan" faydalananlardan olub.

Bunun hesabına, onlar da özlərinə, məhz həmin Bulvarda və digər ərazilərdə şəxsi obyektlər - restoran, tennis kortu və s. inşa etdiriblər. Qanun dövlət məmurunun bizneslə məşğul olmasını qadağan etsə də, adlarını çəkdiyimiz bu məmurlar heç vaxt qanuna məhəl qoymayıblar. Bu isə o deməkdir ki, dövlətin pulu ilə özlərinə sərvət toplayan bu şəxslər məmur yox, dövlətin düşmənləridir.

Ümumiyyətlə, bu iş prosesinin bir çox maraqlı məqamlarını da üzə çıxarmaq mümkün olub. Hamısı da, dövlətin ayırdığı pulların, Zakir Fərəcovla bərabər, həmin məmurların hara "xərcləmələri" ilə bağlıdır. Bunun özü talançılıq, dövlət malına göz tikmək deməkdir və bir qolu da, birbaşa Fuad Cəbrayılova gedib çıxır.

İş görən həmin sahibkarlar isə, 2016-cı ildən bu günə qədər pullarını ala bilmirlər. Zakir Fərəcovla bərabər, Fuad Cəbrayılov kimi, onun ətrafında birləşən digər mühüm vəzifə sahibləri də, min hoqqadan çıxırlar ki, onların halal pullarını verməsinlər. Elə, onlar tərəfindən də, yuxarı dairələr iyrənc şəkildə aldadılır.

Zakir Fərəcov və onunla əlbir olanlar, daha çox isə, Gündüz Əliyev və Fuad Cəbrayılov da, həmin şirkətlərə ödənilməli olan bütün pulun 30 faizini, vaxtilə onlardan tələb etməkdən belə çəkinməyiblər. Bulvarda iş görən sahibkarları yanlarına çağırıb, onlarla, öz ağıllarına və iş metodlarına uyğun "anlaşma əldə etmək" istəyiblər. Şərtləri də bu olub ki, həmin pulun 30 faizini onlara versinlər. Təbii ki, heç kim bu şərti qəbul etməyib.

Bundan sonra, onlara qarşı təhdidlərə başlayıb, onları həbs etdirəcəklərini, gedər-gəlməzə göndərəcəklərini deməkdən də çəkinməyiblər. Hətta Sumqayıt hüquq-mühafizə orqanlarının, bunu yerinə yetirmək üçün, hazır dayandıqlarını da deyiblər. Lakin bu təhdidlərin faydası olmayıb və heç kim bu günədək, bir addım da olsa, geri çəkilməyib.

Çünki onlar öz halal haqqlarını tələb edirlər və bunu sona qədər davam etdirəcəklərini deyirlər. İş adamları onu da söyləyirlər ki, Zakir Fərəcovun və onun ətrafında birləşən Fuad Cəbrayılov kimi vəzifə sahiblərinin əməllərinə, gec-tez hüquqi qiymət verilməlidir.

Son vaxtlar həmin narazı iş adamlarının danışmamalarının səbəbi isə, abır-həya gözləmələridir. Düşünürlər ki, Zakir Fərəcov, eləcə də onun ətrafında birləşən Fuad Cəbrayılov və Gündüz Əliyev kimi digər vəzifə sahibləri, bəlkə, özlərində təpər tapıb, haqqa gələrlər. Lakin görünən odur ki, onlar yol gözləyən, abır bilənlər deyillər. Onların əməllərinə hüquqi qiymət verilməlidir. Çünki 600 nəfərdən çox insanın haqqını yemək ədalət deyil. Və bu haqsızlıq nə vaxtsa qiymətini almalıdır.

Bununla bağlı dəfələrlə rəsmi qurumlara da müraciətlər edilib. Təəssüf ki, həmin müraciətlərin araşdırılması və cavablandırılması üçün, hamısı təkrar Sumqayıt İcra Hakimiyyətinə göndərilib. Aydındır ki, belə olanda, Sumqayıt İcra Hakimiyyəti Zakir Fərəcovu və onun əlaltılarını qoyub, həmin sahibkarların tərəfini saxlamayacaq. Onda, daha bunun harası araşdırma oldu?!

Göründüyü kimi, məmur postlarında Fuad Cəbrayılovun "həyat və fəaliyyət salnaməsi" "xoş notlar" üzərində qurulmayıb. Elə, onun, bir rayondan didər rayona başçı müavini transferi prosesində olduğu kimi! Bir daha bildirmək istəyirik ki, bu transfer prosesində, karantin və Vətən Müharibəsi dövrünün həssas məqamlarında Abşeron rayon ərazisinə təsadüf edən, bütün ölkəyə səs-küy salan olduqca pis olaylar böyük rol oynayıb. Elə, bunlardan sonra da, bu vəzifənin sahibi olan Fuad Cəbrayılovun özü bu rayonda işləmək istəməyib.

Daha doğrusu, Zakir Fərəcovun ciddi göstərişindən sonra, bunu özünün "şəninə sığışdırmayıb". Yəni, bu arxa-dayağı Fuad Cəbrayılovun çıxılmaz vəiyyətdə qaldığını görüb və ona işdən çıxması üçün ərizə yazmağı tövsiyyə edib, həm də Abşerondan təcili qaçması tapşırığını verib.

Vəziyyətin gərgin olduğunu görən Fuad Cəbrayılov da, ərizə yazaraq, səs-küysüz və gizli olaraq, özü öz hesabına 3 ay məzuniyyət götürərək, Türkiyəyə qaçıb. Məlum "memarlıq işi"nə görə, Zakir Fərəcovun məsləhəti ilə, orada oturaraq, öz işini həll etməyə çalışıb ki, Zakir Fərəcovu və özünü bu işdən çıxara bilsin.

Sonda, bir daha qeyd etmək istəyirik ki, yüksək çinli dövlət məmuru kimi, Fuad Cəbrayılovun adına çıxılan və onun yerli əhalinin haqlı narazılıqlarına səbəb olan saysız-hesabsız qanunsuz əməlləri, "araz.az" Media Qrupunun mətbu vasitələri, daha çox araz.az xəbər portalı tərəfindən, əvvəllər də, daim diqqətdə saxlanılıb.

Barəsində dərc etdiyimiz kəskin tənqidi xarakterli yazılardan sonra, bəd əməllərindən narazı insanların haqlı tələblərinin həllinin tapılacağına hədsiz ümidlər də yaranıb. Çünki Abşeron rayonunda mühüm vəzifə başında olarkən buraxdığı boşluqların və baş alıb gedən qanunsuz əməllərinin səbəb və nəticələrinə baxdıqda, bütün bunların, getdikcə, Fuad Cəbrayılovun qarşısında "əcəl zənginə" çevrildiyini, aylar, illər sonra olsa da, onun, törətdiyi bəd əməllərinin bəhrəsini görəcəyini qaçılmaz edib.

Di gəl ki, o, həmişə ölkə qanunlarını tanımamağa davam edərək, tutduğu vəzifə başında şəxsi maraqlarını ön plana çəkməkdən heç vaxt çəkinməyib. Bir sözlə, bütün bunları özünün "ölməz amalına" çevirib.

Həm də ona görə ki, tutduğu önəmli vəzifə başında özünü həmişə güclü göstərməyi bacaran ölkə prezidentinin keçmiş köməkçisi Əli Həsənovla da yaxın işbirliyi olub və daim ona arxalanıb. Çox yaxın olduqları üçün, Əli Həsənov onu, demək olar ki, qarşısına çıxan bütün təhlükələrdən hər gün qoruyub. 

Xülasə, sonda onu da qeyd etməyi vacib bildik ki, artıq, Suraxanı rayon icra hakimiyyəti başçısının müavini postunda oturmasına baxmayaraq, Fuad Cəbrayılov bu günün özündə belə, Zakir Fərəcovun diqtəsi ilə oturub-durur. Çünki törətdiyi əksər maxinasiya əməllərinin dəstəkçisi bu arxa-dayağı olduğundan, onun hər sözünə can-başla əməl edir.

Zakir Fərəcovun razılığı və "xeyir-duası" ilə, onun bu "əvəzolunmaz kadrına" can-başla sahib çıxan, lakin bu önəmli vəzifəyə artıq neçə vaxtdır təyinat olduğunu hələ də gizli saxlatdıran, konkret desək, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında belə, başçının müavini postunun ad-soyad yerini boş göstərməyə ciddi tapşırıqlarını verən Əziz Əzizov isə, onun da, hər səmtdən pul çəkməyi bacaran belə bir əlaltısının olmasından olduqca rahatlıq tapıb.

Artıq, bu icra başçısının da, hər səmtdən pul çəkmək üzrə "ixtisaslaşmış bu əvəzolunmaz kadrla" gizli planlarının olduğu barədə, elə, İcra Hakimiyyətinin özündəki inandığımız etibarlı mənbədən əlimizə ciddi faktlar düşüb.

Bütün bunlar barədə, araz.az-ın növbəti yazılarında. Bizi izləyin...

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə və münasibətlərin ictimailəşdirməyə hazırıq.

Müəllif Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.