19 yaşlı Minayə: “Böyüklərin Avropa çempionatında medal qazanacağımı gözləmirdim”

19:20 10-04-2021 322

“İlk dəfə idi ki, böyüklərin bu cür mötəbər yarışında iştirak edirdim. Baxmayaraq ki, artıq üç ildir böyüklərlə birgə döyüşürəm bu, ilk Avropa çempionatım idi və birinci dəfədən medal qazandığım üçün çox sevinirəm”.

Bunu HerGun.Az-a Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatında bürünc medal qazanmış 19 yaşlı Minayə Əkbərova deyib.

46 kq çəki dərəcəsində yarışında çıxış edən M.Əkbərova medal qazanacağını gözləmədiyini etiraf edib:

“Düzünü deyəcəyəm. Əslində medal qazanacağımı gözləmirdim. Çünki pandemiyaya görə təxminən bir ildən çoxdur ki, məşq edə bilmirdim. Yarışa çıxmazdan qabaq fikirləşirdim ki, görəsən necə olacaq?! Çox həyəcanlı idim. Elə bilin ki, ömrümdə ilk dəfə yarışa çıxırdım.

Amma çox şükür, tatamidə hiss etdim ki, yaxşı vəziyyətdəyəm, döyüşməyi unutmamışam. Məncə, hər şey birinci özünə inamdan başlayır. Sağ olsun müəllimlərim, ailəm, komanda yoldaşlarım da çox dəstək oldular, məni ruhlandırdılar”.

Səbuhi Musayev